95 yaşlı kardioloqun uzun və xoşbəxt həyat üçün heç vaxt imtina etmədiyi 8 qayda

SAĞLAMLIQ
18:46 / 04.09.2025
47

Son illərdə uzunömürlülük mövzusu daha çox gündəmdədir və Yaponiya uzun ömürlü insanları ilə diqqət çəkən ölkələrdən biridir. 

HİT.az xəbər verir ki, Los-Ancelesli kontent müəllifi Mika Kribbs, 95 yaşlı kardioloq olan babasını Osakada ziyarət edib və onun gündəlik həyat vərdişlərini paylaşaraq uzun və sağlam yaşamının sirlərini açıqlayıb.

Məqalədə qeyd olunur ki, babasının uzunömürlülük və xoşbəxtlik üçün riayət etdiyi 8 əsas qayda bunlardır:

1. Səhər tezdən gəzintiyə çıxır

Saat 5-də oyanaraq həyat yoldaşı ilə birgə 30 dəqiqə – 1 saat arasında gəzintiyə çıxır. Hər gün ən azı 7 min addım atmağa çalışır.

2. Mütəmadi idman edir

Gəzintidən sonra fərdi məşq proqramına əməl edir: əvvəlcə dartınma hərəkətləri, sonra güc və balans məşqləri edir. Vücudunu yormadan aktiv qalmağa diqqət göstərir.

3. Sevdikləri ilə əlaqə saxlayır

Məşqdən sonra noutbuk vasitəsilə sosial şəbəkələrə daxil olur. ABŞ-dakı nəvələri də daxil olmaqla tanışları ilə mütəmadi ünsiyyət quraraq sosial təcriddən uzaq qalır.

4. Bloq yazır

2014-cü ildən bəri demək olar ki, hər gün bloquna fikirlərini və təcrübələrini yazır. Hazırda 1000-dən çox yazısı mövcuddur.

5. İncəsənətlə məşğuldur

Uğurlu bir rəssamdır. Hər gün portretlər çəkir, xətləri və detalları diqqətlə işləyir. Bununla həm yaradıcılıq, həm də özünü dərk bacarığını gücləndirir.

6. Yeni hobbilərə vaxt ayırır

Pandemiya dövründə bağçılıqla maraqlanmağa başlayıb. Həyat yoldaşının tövsiyəsi ilə nəfəsli musiqi alətində ifa etməyi öyrənib. Yeni bacarıqlar qazanmaq üçün heç vaxt gec olmadığını düşünür.

7. Bir neçə dəfə qısa yuxu edir

Səhər saat 8-9 radələrində yarım saatlıq yuxuya gedir, günortadan sonra isə kitab oxuyarkən istirahət edir. Bu fasilələr uzunömürlülüyünə mühüm töhfə verir.

8. Qidalanmasına diqqət edir

Qırmızı ət və pendir kimi müxtəlif dadlara meyilli olsa da, əsasən həyat yoldaşının hazırladığı tərəvəzli yapon yeməkləri ilə qidalanır. Hər yeməyi isə həzmi asanlaşdıran isti çayla tamamlayır.

Mika Kribbs qeyd edir ki, babasının sağlamlığı uzunömürlülüyün bir çox faktorun və düzgün balansın nəticəsi olduğunu sübut edir.

Samir

0