Əncir alarkən nələrə diqqət etməliyik? - Ekspertdən XƏBƏRDARLIQ

SAĞLAMLIQ
13:18 / 04.09.2025
44

"Əncir, üzüm və ya istənilən meyvənin satışı ilk növbədə sanitar gigiyenik qaydaları əməl olunmuş vəziyyətdə həyata keçirilməlidir".

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, məhsul satılan yer təmiz olmalıdır:

"Məhsul satılan yer üstü açıq vəziyyətdə olmamalıdır. Satılan meyvə-tərəvəzin insanların sağlanmağına hər hansısa bir fəsad törətməyəcəyindən əmin olmaq lazımdır. Məhsulun üstü açıq olması və antisanitar vəziyyətdə satılması qəbuledilməzdir. Xüsusən də əncirləri yol kənarlarında satırlar. Bu isə onun insan orqanizminə ziyan verməsinə gətirib çıxara bilər". 

381151

Ekspert qeyd edib ki, əncir satışları əsasən vedrələrdə həyata keçirilir:

"Lakin vedrədə əncir alarkən diqqətli olmaq lazımdır. Birincisi, o qabların nə qədər təmiz olduğu sual altındadır. Bəzən də vedrə və ya bənzər qabların altına keyfiyyətsiz, üstünə isə təzə əncirlər yığılır. Əlbəttə ki, bu da istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Ona görə də əncir alarkən mütləq şəkildə qabın altını da yoxlayın".

Mütəxəssis vurğulayıb ki, bir çox hallarda əncirlər düzgün şəraitdə saxlanılmır və ya 2-3 gün öncədən yığılır:

"Belə məhsulları əsasən qabların altına yığaraq alıcıları aldadırlar. Belə hallar yalnız küçə satışlarında olur. Təzəliyindən əmin olmadığınız ənciri almayın. 

Çünki bir neçə gün əvvəlcədən yığılmış incir müəyyən turşulmuş qoxuya malik olur. Sanki ondan bir sprit qoxusu gəlir. Bu baxımdan alarkən həmin o yerə, satışın təşkil olunan yerinə və qabların təmizliyinə əmin olunması vacib bir şərtdir".

İlkin Şirinov fikirlərini belə yekunlaşdırıb:

"Hesab edirəm ki, əncir satışının qida üçün nəzərdə tutulmuş xüsusi plastik qablarda və ya təmiz vedrələrdə həyata keçirilməsi daha məqsədə uyğun olar. Ümumiyyətlə, satışın antisanitar normalara uyğun həyata keçirilməsi həm satıcı, həm də alıcı üçün faydalı olar. Bu, satıcı üçün növbəti bir müştəri qazanması, alıcı üçün isə təmiz və keyfiyyətli məhsul alması deməkdir". 

Pərviz

0