ABŞ-nın Emori Universitetindən alimlər, tip 2 şəkərli diabetin inkişaf riskinə təsir edən 22 yeni genetik bölgə aşkar ediblər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "PLOS Genetics" jurnalında dərc edilib.
Tip 2 şəkərli diabet bütün dünyada sürətlə yayılmağa davam edir və kişilər bu xəstəlikdən qadınlara nisbətən daha tez-tez əziyyət çəkir. Xəstəlik həm irsi amillər, həm də həyat tərzi təsiri altında formalaşır. Lakin genlərin orqanizmin daxili mühiti ilə qarşılıqlı əlaqəsinin xəstəlik riskinə necə təsir etməsi az öyrənilib.
Yeni tədqiqatda alimlər Britaniya Biobankının 484 127 iştirakçısının məlumatlarını təhlil edərək, onların genetik göstəricilərini üç cinsi hormonun – ümumi testosteronun, biodəyişən testosteronun və cinsi hormonları bağlayan qlobulinin səviyyəsi ilə müqayisə ediblər. Məlum olub ki, testosteronun yüksək səviyyəsi qadınlarda şəkərli diabetin inkişaf riskini artırır, kişilərdə isə orqanizmdə artıq qlobulin konsentrasiyası, əksinə, xəstəliyin ehtimalını azaldır.
Bu amilləri nəzərə alaraq, tədqiqatçılar tip 2 şəkərli diabetlə əlaqəli genomun əvvəllər məlum olmayan 22 bölgəsini müəyyən ediblər. Bu lokuslar əvvəlki genom tədqiqatlarında qeyd edilməmişdi.
Müəlliflər qeyd edir ki, hormonların və genlərin qarşılıqlı əlaqəsi diabet riskinin formalaşmasında həlledici rol oynaya bilər. Daxili mühit amillərini nəzərə alan bu yanaşma gələcərdə həssas qrupları daha dəqiq müəyyən etməyə və mürəkkəb xəstəliklərin inkişaf mexanizmlərini daha dərindən anlamağa imkan verəcək.
Samir