Sinə ağrısına diqqət: Qolunuza yayılan ağrı ürək damarlarına işarədir

SAĞLAMLIQ
09:39 / 10.09.2025
44

Döş qəfəsində təzyiq və ya qola yayılan ağrı ürək damarlarının həyəcan siqnalı ola bilər. Mütəxəssislər damar tıxanıqlığının əlamətlərinə qarşı diqqətli olunması barədə xəbərdarlıq edirlər.

HİT.az xəbər verir ki, ürək və damar cərrahı uzmanı Opr. Dr. Volkan Yurtman damar tıxanıqlığının çox vaxt səssiz şəkildə inkişaf etdiyini, lakin ağır nəticələrə yol aça biləcəyini bildirib. O, Aralıq dənizi tipli qidalanma və müntəzəm fiziki aktivliyin əhəmiyyətinə toxunaraq, 40 yaşdan yuxarı şəxslərə mütəmadi tibbi müayinədən keçməyi tövsiyə edib.

Dr. Yurtman damarların insan bədənindəki rolunu su borularına bənzədərək deyib: "İllər keçdikcə boruların içi kireclənib daraldığı kimi, damarlar da eyni prosesi yaşayır. Bu vəziyyət tibdə ‘ateroskleroz’ adlanır. Başlanğıcda heç bir əlamət hiss edilmir. Ancaq bir gün qəfil tıxanma baş verəndə, bu, infarktla nəticələnə bilər".

Mütəxəssis damar daralmasının erkən mərhələdə çox vaxt hiss edilmədiyini, daralma 70 faizədək çatanda isə döş ağrısı, nəfəs darlığı və yeriş zamanı ayaqlarda yorğunluq kimi əlamətlərin ortaya çıxdığını qeyd edib. Daha təhlükəli hallarda isə damar içindəki yığılmaların qəfil qoparaq laxtaya çevrilməsi, sağlam görünən şəxsdə ani infarkt riskini artırır.

Dr. Yurtman döş qəfəsində təzyiq, qola yayılan ağrı, nitqin pozulması, görmədə dəyişiklik, yeriş zamanı baldır ağrısı və davamlı yüksək təzyiqin damarlarda problemlərin xəbərçisi ola biləcəyini vurğulayıb. O, yüksək risk qrupuna siqaret çəkənləri, nəzarətsiz şəkər və təzyiq xəstələrini, yüksək xolesterinlə yaşayanları və artıq çəkisi olan şəxsləri daxil edib.

"Siqareti azaltmaq kifayət deyil, mütləq tamamilə tərgidin" deyən həkim, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkib. O, qan testləri, efor testi, doppler ultrasəs və BT angioqrafiya vasitəsilə damarların vəziyyətinin izlənə biləcəyini bildirib.

Ürək-damar sağlamlığının qorunması üçün Yurtman bu məsləhətləri verib:

* Siqareti tamamilə buraxmaq
* Aralıq dənizi tipli qidalanma (zeytun yağı, balıq və tərəvəz)
* Mütəmadi idman, xüsusən də həftədə azı 3 dəfə 45 dəqiqə sürətli gəzinti
* Çəkini nəzarətdə saxlamaq
* 40 yaşdan sonra mütəmadi tibbi müayinədən keçmək

"Damar tıxanıqlıqları səssizdir, amma nəticələri gurultuludur" deyən Dr. Yurtman, infarkt, insult və böyrək çatışmazlığı kimi ciddi fəsadların qarşısını almaq üçün vaxtında həkimə müraciət etməyin vacibliyini vurğulayıb.

Samir

0