Alimlər butulka suyunun gözlənilməz təhlükəsi barədə xəbərdarlıq etdi

SAĞLAMLIQ
09:43 / 11.09.2025
55

Kanadalı tədqiqatçı, “ERA Environmental Management Solutions” şirkətinin həmtəsisçisi və Konkordiya Universitetinin əməkdaşı Sara Səcidi “Journal of Hazardous Materials” jurnalında dərc olunan icmalında birdəfəlik plastik butulkaların sağlamlığa təsirlərinə diqqət çəkib.

HİT.az xəbər verir ki, onun araşdırmasına görə, orta statistik insan ildə 39-52 min mikoplastik hissəciyi udur. Lakin mütəmadi olaraq butulka suyu içənlər əlavə olaraq təxminən 90 min hissəciyi də orqanizminə qəbul edir. Bu mikrohissəciklər istehsal, saxlanma və daşınma prosesində yaranır. Günəş işığı və temperaturun təsiri altında keyfiyyətsiz plastik kiçik fraqmentlərə parçalanır və gözlə görünməyən bu hissəciklər suya qarışır.

Orqanizmə daxil olduqda mikropartikullar qan dövranına keçərək həyati vacib orqanlara çatır və xroniki iltihab, oksidləşdirici stres, hormonal pozğunluqlar, reproduktiv sistem problemləri, sinir sistemi zədələnmələri və hətta xərçəng riskini artırır. Lakin alimlər uzunmüddətli nəticələrin hələ də kifayət qədər öyrənilmədiyini bildirirlər, çünki ölçmə və test metodikalarında vahid standart yoxdur.

“Plastik butulkadan suyu yalnız fövqəladə hallarda içmək olar, lakin bunu vərdişə çevirmək düzgün deyil. Burada əsas məsələ kəskin toksiklik deyil, xroniki təsirdir”, deyə Sara Səcidi vurğulayıb.

Onun sözlərinə görə, risklərin azaldılmasında əhalinin maarifləndirilməsi mühüm rol oynayır. Hazırda qanunvericilik tədbirlərinin əksəriyyəti paketlər və çubuqlarla bağlı olsa da, butulkalar hələ də diqqətdən kənarda qalır.

Samir

0