Əvvəllər Azərbaycanda təcili tibbi yardıma münasibət birmənalı deyildi.
Çünki təcili tibbi yardım maşınları əksər vaxtlarda həddindən artıq dərəcədə gec gəlirdi. Hətta bəziləri hanısa ünvanlara gedib çıxa bilmirdi. Bu zaman isə xəstənin vəziyyəti daha da ağırlaşırdı. Eyni zamanda, bəzi hallarda təcili tibbi yardım əməkdaşlarının ilkin müdaxilələri yetərsiz qalırdı. Bu da xəstənin həyatını təhlükə altına atırdı.
Lakin son illərdə bu sahədə köklü dəyişikliklər aparıldı. Təcili tibbi yardım əməkdaşlarının bacarıqları artırıldı və çox sayda mütəxəssis oraya yönləndirildi. Nəticədə, təcili tibbi yardımla bağlı vəziyyət müsbətə doğru dəyişdi.
Mövzu ilə bağlı infeksionist Ləman Qalimova Hit.az-a açıqlama verib. O, təcili tibbi yardımdan razı olduğunu deyib:
"Son dönəmdə təcili tibbi yardımın xidmət səviyyəsi kifayət qədər yüksəlib. Orada çox istedadlı mütəxəssislər çalışır. Hətta mən yaxınlarımın müraciətləri zamanı da buna şəxsən şahid olmuşam. Olduqca gözəl xidmət göstərib, dəqiq diaqnoz qoyulurlar".
Həkim vurğulayıb ki, bütün bunlar çox xoşdur və alqışalayiq hərəkətdirlərdir:
"Yəni səhiyyəmizdə təcili yardıma daha çox diqqət olunur. Nəzərə almaq lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bərabər təcili tibbi yardım üçün mütəxəssislər hazırlandı. Təbii ki, bu kimi hallar bizim təcili tibbi yardım sahəsinə çox müsbət təsir göstərdi. Mən də mütəxəssis kimi bu müsbət təsiri hiss edirəm".
Pərviz