Qidalanma vərdişlərinin sağlamlığa hansı təsirləri var?

SAĞLAMLIQ
11:12 / 11.09.2025
70

"Sağlam qidalanma vərdişləri sağlamlığın sütunlarından və sağlamlığın ən ümumi səbəblərindən biridir".

Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, insanlar qidalanma vərdişləri və qida seçimi ilə öz sağlamlıqlarını müəyyənləşdirə bilirlər:

"İstər immuniteti gücləndirmək, istər mədə-bağırsaq sistemini yaxşılaşdırmaq, istərsə də artıq çəkidən əziyyət çəkməmək üçün seçilən qidalar və qidanın vaxtları birbaşa bunlara təsir edən məsələlərdən biridir. 

Nəzərə alsaq ki, bu gün insanlarımızın artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkməsi, eləcə də qəbizlik halları və digər problemlər birbaşa qidalanmadan, habelə qida seçimindən asılı olan məsələlərdir".

381615

Ekspert bununla bağlı nümunə də verib:

"Məsələn, meyvə-tərəvəzin çox qəbul olunması, lifli qidaların qəbulu mədə-bağırsaq üçün olduqca xeyirlidir. Amma əksinə, yatmazdan əvvəl qəbul olunan ağır qidalar, ət yeməkləri, enerji içkiləri və "fast-food" məhsulları birbaşa sağlamlığımıza zərər vurur.

Nəzərə almaq lazımdır ki, qazlı, şirin içkilər şəkərli diabet xəstələri üçün zərərlidir, hətta insulin dirəncini artırır. Yəni seçilmiş qidaların və qidalanma vərdişlərinin sağlamlığa təsiri birbaşadır. Əgər biz diqqəti ancaq "fast-food"lara, dönərlərə, ayaqüstü yeməklərə yönəldiriksə, sağlamlıq keyfiyyəti olmayan yağlarda hazırlanmış qidalara üstünlük veririksə, bu bizi öz sağlamlığımızın düşməninə çevirir". 

Mütəxəssisin sözlərinə görə, burada iki əsas prinsip var:

"Nə yeyirik və nə vaxt yeyirik. Məsələn, gecə saat 11-də ya 12-də yediyimiz bozbaş bizə nə enerji, nə immunitet qazandırar. Əksinə, bu, sağlamlığımız üçün zərərlidir. 

Təəssüf ki, azyaşlı uşaqların gecə marketlərdən enerjili içkilər alaraq onu valideynlərinin qarşısında qəbul etməsi normal bir hala çevrilib. Dəfələrlə bunu müşahidə etmişəm. Əslində isə bu, ziyandır. 

Eyni zamanda, valideynlərin evdə mikrodalğalı sobada hazırladığı "ev dönərləri və qamburgerləri" də uşaqlarda gələcəkdə allergiyalar, qəbizlik, mədə-bağırsaq problemlərinə gətirib çıxarır. Xüsusilə bunu gecə saatlarında uşaqlara vermək düzgün deyil".

İlkin Şirinov fikirlərini belə yekunlaşdırıb:

"Bundan əlavə, markalanmamış, mənşəyi və harada istehsal olunduğu bəlli olmayan şirniyyatların uşaqlara yedizdirilməsi də təhlükəlidir. Sonra da həkimlərə müraciət edilir ki, niyə uşaqlarda allergiya, bağırsaq mikrobları, zəhərlənmə və s. var. Halbuki bütün bunların kökü düzgün olmayan qidalanma vərdişlərindədir. Bir daha deyirəm ki, sağlam qidalanmanın əsas məsələsi düzgün qidalanma vərdişləridir".

Pərviz

0