Xroniki yuxusuzluqdan əziyyət çəkən insanlar, normal yatanlara nisbətən yaşla yaddaş və idrak qabiliyyətini daha tez itirmək riski altındadır. Beynəlxalq alimlər qrupu belə qənaətə gəlib.
HİT.az xəbər verir ki, tədqiqat "Neurology" jurnalında dərc olunub.
Xroniki yuxusuzluq üç ay və ya daha çox həftədə ən azı üç gecə yuxu ilə bağlı problemlər kimi müəyyən edilir. Belə insanlarda yüngül idrak pozğunluğu və ya demans inkişaf riski 40% daha yüksəkdir ki, bu da beynin əlavə 3,5 illik qocalmasına bərabərdir.
Tədqiqatın müəllifi Dieqo Karvalho deyir: "Yuxusuzluq təkcə ertəsi gün necə hiss etdiyinizə təsir etmir, həm də uzun müddətdə beyin sağlamlığına təsir edə bilər".
Tədqiqatda təxminən altı il izlənilən 2750 yaşlı (orta hesabla 70 yaş) iştirak etmişdir. Onların 16%-nə xroniki yuxusuzluq diaqnozu qoyulub. Bu müddət ərzində yuxusuzluğu olan iştirakçıların 14%-də demans və ya yüngül idrak pozğunluğu inkişaf etmişdir. Ancaq yuxusuzluğu olmayanlar arasında yalnız 10% -də belə simptomlar var.
MRT və digər üsullar göstərib ki, yuxusuzluqdan əziyyət çəkən insanlarda beyində kiçik qan damarları və Alzheimer xəstəliyi ilə əlaqəli amiloid lövhələri zədələnmə ehtimalı daha yüksəkdir. Təsirlər xüsusilə Alzheimer xəstəliyi riskini artıran APOE ε4 geninin daşıyıcılarında özünü göstərib.
Maraqlıdır ki, təsirlər son vaxtlar yuxunun keyfiyyətindən də asılı idi: son həftələrdə adi vaxtdan az yatanların koqnitiv performansları pisləşib və beyin zədəsi əlamətləri daha çox olub, adi haldan çox yatanlarda isə əksinə, daha az damar pozğunluğu müşahidə olunub.
Alimlər yuxusuzluğun erkən xəbərdarlıq siqnalı ola biləcəyini və yuxu pozuntularının müalicəsinə daha çox diqqət yetirilməli olduğunu vurğulayırlar.
Samir