Beynəlxalq alimlər qrupu müəyyən edib ki, meditasiya ilə məşğul olmaq yaşlı insanlarda daha keyfiyyətli yuxu və beynin aktivliyinin qorunması ilə bağlıdır.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Sleep Research" (JSR) jurnalında dərc olunub.
65–84 yaş arası meditasiya ilə məşğul olan yaşlılar daha uzun müddət yatır, nadir hallarda yüngül yuxu mərhələsinə keçid edir və hətta yuxusuz yuxu fazasında belə yüksək şüur vəziyyətlərini xatırladan qeyri-adi beyin aktivliyi nümayiş etdiriblər.
Araşdırmada 10 mindən çox saatını meditasiya təcrübəsinə həsr etmiş 27 "ekspert" və bu sahədə təcrübəsi olmayan 135 yaşlı insan iştirak edib. Polisonoqrafiya və EEG vasitəsilə alimlər onların yuxusunu və beyin fəaliyyətini müqayisə ediblər. Meditasiya ilə məşğul olanlarda ən yüngül yuxu mərhələsi (N1) daha qısa, N2 mərhələsi isə daha uzun olub, üstəlik, onların beyin siqnallarının mürəkkəbliyi daha yüksək, alfa və teta ritmləri isə güclü qeydə alınıb. Bu xüsusiyyətlər daha yaxşı idrak dayanıqlığı və yuxuda belə müəyyən dərəcədə şüurluluğun saxlanılması ilə əlaqələndirilir.
"Subyektiv qiymətləndirmələr eyni olsa da, 'ekspertlərdə' obyektiv göstəricilər daha yaxşı idi və bəzi parametrlər birbaşa meditasiya təcrübəsinin səviyyəsi ilə əlaqələndi", deyə araşdırmanın rəhbəri, Paris beyin institutundan Pyer Şampetye bildirib.
Müəlliflər vurğulayırlar ki, meditasiya yaşlılıq dövründə beynin sağlamlığını və yuxunun keyfiyyətini dəstəkləmək üçün effektiv, dərmansız üsul ola bilər.
Samir