Siqaret istifadəsinin sağlamlığa təsirləri barədə xəbərdarlıqlar davam edir. Mütəxəssislər onun təkcə ağciyər xərçəngi deyil, çoxsaylı digər ölümcül xəstəliklərin də əsas səbəbi olduğunu bildirirlər.
HİT.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada kişilərin 31 faizi tütün istifadəsi ilə bağlı xəstəliklərdən həyatını itirir. Ağciyər xəstəlikləri üzrə mütəxəssis Dr. Saliha Ercan siqaretin COVİD-19 və sətəlcəm kimi xəstəlikləri daha ağır keçirməyə səbəb olduğunu vurğulayaraq, nikotin asılılığından xilas olmağın vacibliyini qeyd edib.
Siqaret tüstüsündə 4 mindən çox kimyəvi maddə mövcuddur ki, onların 80-dən artığının xərçəng əmələ gətirdiyi sübut olunub. Ağciyər xərçəngi diaqnozu qoyulan hər 10 xəstədən 8-i siqaret istifadəçisidir. Bu xəstəliyin çox vaxt yalnız gec mərhələdə aşkar edildiyi bildirilib.
Dr. Ercan həmçinin xatırladıb ki:
* KOAH (Xroniki Obstruktiv Ağciyər Xəstəliyi) xəstəliyinin 90 faiz səbəbi siqaretdir.
* Koronar ürək xəstəliklərinə bağlı ölümlərin 10–30 faizi siqaret istifadəsi ilə əlaqədardır.
* Gündə az sayda siqaret çəkmək və ya passiv siqaret tüstüsünə məruz qalmaq belə ürək və ağciyər xəstəlikləri riskini artırır.
Siqaretin yalnız xərçəng deyil, mədə problemləri, sonsuzluq, erkən doğum, erkən menopauza, həmçinin Altsheymer və insult riskini artırdığı da qeyd edilib. Bundan əlavə, dəri qırışları, diş sararması və ağız qoxusu kimi estetik zərərlər də sadalanıb.
Xüsusilə COVİD-19 pandemiyası dövründə siqaretin təhlükəsi daha da qabardılır. Çünki siqaret istifadəsi həm ürək-damar, həm də tənəffüs sisteminə zərər vuraraq infeksiyaların daha ağır keçməsinə səbəb olur.
Dr. Ercan xəbərdarlığını belə tamamlayıb: “Siqaret hər cəhətdən sağlamlığımıza zərər verir. Ona görə də deyə biləcəyimiz yeganə şey budur: siqareti burax, həyatı buraxma”.
Samir