"Ozempik"in yeni faydalı təsiri aşkarlandı

SAĞLAMLIQ
09:20 / 23.09.2025
44

Yel tibb məktəbinin alimləri məlum ediblər ki, "Ozempik" və ona bənzər GLP-1 qrupuna aid preparatlar yalnız arıqlama və şəkərli diabetin müalicəsində deyil, həm də qaraciyəri spirtli içkilərin zərərli təsirlərindən qorumaqda təsirli ola bilər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "npj Metabolic Health and Disease" jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu preparatlar qaraciyərdə spirti toksik asetaldehidə çevirən Cyp2e1 fermentinin aktivliyini azaldır. Nəticədə, spirt qəbuluna baxmayaraq, orqanizmdə zərərli maddələrin miqdarı əhəmiyyətli dərəcədə aşağı olub.

Lakin eyni zamanda, spirti parçalama prosesinin ləngiməsi qanda alkoqolun səviyyəsini artırıb və onun daha uzun müddət yüksək qalmasına səbəb olub. Mütəxəssislər qeyd edirlər ki, insanlarda da oxşar təsir yaranarsa, xəstələr eyni miqdarda spirt qəbul etdikdə daha güclü sərxoşluq hiss edə bilərlər.

Bundan əvvəl məlumat verilmişdi ki, Makmaster universitetinin alimləri "orfroqlipron" adlı yeni arıqladıcı preparat hazırlayıblar. Bu dərman iynəsiz tətbiq olunur və artıq çəkidən əziyyət çəkən 3127 könüllü üzərində sınaqdan keçirilib. Könüllülərdə piylənmə müşahidə edilsə də, onlarda şəkərli diabet aşkarlanmayıb.

Samir

0