"Autizmli uşaqların təhsili fərdi və strukturlaşdırılmış yanaşma tələb edir".
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, autizmli uşaqların ilkin bacarıqları bəzən zəif inkişaf edir və ya formalaşmır:
"Məsələn, kiçik motor və böyük motor bacarıqları, qavrama bacarıqları, sosial bacarıqları və özünəxidmət bacarıqları başlanğıc mərhələdə tam inkişaf etməmiş olur.
Aqressiv davranışlar, davranış pozuntuları, təkrarlanan hərəkətlər göstərə bilirlər. Eyni zamanda, onlar çox həssas və diqqətlidirlər. Ətraf mühitdəki dəyişikliklərə və insanlarla ünsiyyətə qarşı tez reaksiya verirlər. Bu səbəbdən tədris zamanı onların davranışlarını anlamaq, düzgün yönləndirmək və sakitləşdirmək vacibdir".
Ekspert qeyd edib ki, hər uşaq üçün fərdi təhsil proqramı hazırlanır:
"Proqram uşağın mövcud bacarıqlarını, inkişaf ehtiyaclarını və potensialını nəzərə alır. Kiçik motor bacarıqları üçün barmaq hərəkətləri, böyük motor bacarıqları üçün hərəkət oyunları, qavrama bacarıqları üçün vizual və praktik fəaliyyətlər, sosial bacarıqlar üçün kiçik qruplarda oyun və qarşılıqlı fəaliyyətlər təşkil edilir. Özünə xidmət bacarıqları isə gündəlik həyatda müstəqilliyi artırmaq üçün tətbiq olunur".
Ülviyyə Ağazadə diqqətə çatdırıb ki, fərdi proqram əsasında səbrli və davamlı şəkildə işləmək uşağın həm akademik, həm sosial, həm də emosional inkişafını dəstəkləyir:
"Müəllim və valideyn əməkdaşlığı ilə bu uşaqların ilkin bacarıqları tədricən formalaşır. Onların potensialı ortaya çıxır, həyatla ünsiyyət bacarıqları güclənir və özünəxidmət bacarıqları inkişaf edir.
Bu uşaqların inkişafı və bacarıqlarının formalaşması üçün psixo-pedaqoq, psixoloq, loqoped, inkişaf mütəxəssisləri və MBT üzrə mütəxəssislər birlikdə işləməli və davamlı reabilitasiya aparmalıdır".
Pərviz