D vitamininin ən çox olduğu qidalar arasında yağlı balıqlar lider mövqedədir. Bu vitamin, kalsiumun mənimsənilməsi və hüceyrə artımı üçün zəruri olan yağda həll olan maddədir.
HİT.az xəbər verir ki, "Verywellhealth" nəşrinin məlumatına görə, onun əsas təbii mənbələri qızılbalıq, sardina və skumbriyadır.
Balıqların D vitamini ilə zəngin olmasının səbəbi, onların fitoplankton və zooplanktonla qidalanmasıdır. ABŞ Milli Səhiyyə İnstitutunun məlumatına əsasən, bu orqanizmlər su səthinə yaxın üzərək günəşin ultrabənövşəyi şüalarını qəbul edir və nəticədə D vitamini toplayır.
Nəşr, D vitamininin ən yüksək miqdarda olduğu altı balıq növünü təqdim edib.
1. Göyqurşağı alabalığı - 85 qram alabalıqda 16,2 mikroqram D vitamini var. ABŞ Milli Səhiyyə İnstitutuna görə, bu miqdar insanın gündəlik D vitamini tələbatının 81 faizini qarşılayır. Bu balıq həmçinin sağlam yağlar, zülal və digər vitaminlərlə zəngindir. Yumşaq dadı və təbəqəvari quruluşu ilə seçilir.
2. Skumbriya - Skumbriyada D vitamini miqdarı alabalıqla təxminən eynidir. O, həm də omeqa-3 yağ turşuları ilə zəngindir. Mütəxəssislər qeyd edir ki, omeqa-3 yağlarının qidalanmaya əlavə edilməsi ürək xəstəlikləri, demensiya və Altsheymer xəstəliyinin riskini azalda bilər.
3. Qızılbalıq (losos) - 85 qram qızılbalıqda 14,2 mikroqram D vitamini olur. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, təbii şəraitdə yaşayan qızılbalıqda D vitamini miqdarı fermada yetişdiriləndən daha çoxdur. 2019-cu ildə “MDPI” elmi jurnalında dərc olunan tədqiqat göstərib ki, Baltik dənizində yetişdirilən qızılbalığın bir porsiyasında 556–924 beynəlxalq vahid (BV) D vitamini mövcuddur. Qızılbalıq həm də hüceyrə artımı, DNT bərpası və sinir sistemi sağlamlığı üçün vacib olan B qrupu vitaminlərinin mühüm mənbəyidir.
4. Sardina -İki sardinanın porsiyasında 1,2 mikroqram D vitamini var. Bu kiçik balığı birbaşa konserv şəklində yemək, salatlara, makaron və ya pizzaya əlavə etmək mümkündür. Sardina omeqa-3 yağ turşuları, B vitaminləri, zülal və kalsiumla da zəngindir.
5. Ton balığı (tunets) - 85 qram ton balığında 1 mikroqram D vitamini var. Onu qril, soba və ya tavada bişirmək, həmçinin kərəviz və soğan əlavə etməklə salat şəklində hazırlamaq olar. Həm təzə, həm də konserv halında olan ton balığı D və A vitaminləri, eləcə də zülalla zəngindir. Lakin qeyd edilir ki, ton balığında civə (civa) adlı ağır metal olur və bu, uzunmüddətli dövrdə sağlamlığa zərər verə bilər. ABŞ Qida və Dərman Administrasiyası (“FDA”) hamilə və süd verən qadınlara civə tərkibi az olan balıqlara üstünlük verməyi tövsiyə edir.
6. Siyənək (selədka) - 85 qram siyənəkdə 4,5 mikroqram D vitamini var. Bu balıq həm də zülal, kalsium, fosfor, kalium və sağlam yağlarla zəngindir. Duzlu (marinadlı) siyənəkdə təzə balığa nisbətən daha çox natrium olur. Yüksək qan təzyiqi olan insanlara marinadlı siyənəkdən uzaq durmaq məsləhət görülür.
Samir