"Hazırda uşaqlar arasında eyni simptomlarla başlayan infeksiyalar yayılıb".
Bu sözləri infeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu hal hər il yaşanır:
"Yəni hər il olduğu kimi bu il də uşaqlar arasında bəzi infeksiyalar yayılıb. Sadəcə simptomları bir az fərqli şəkildə özünün biruzə verir. Əsasən, boğaz ağrısı, habelə əvvəlcə quru, sonra yaş öskürək olur. Bundan başqa, qulaq ağrısı, üzdə ağrılar, halsızlıq, əzələ ağrısı, uzunmüddətli davam edən öskürək və temperaturun yüksəlməsi kimi simptomlarla qarşılaşırıq".
Həkim qeyd edib ki, adətən belə xəstəliklər məktəb və bağçalarda daha çox yayılır:
"Bu da təbiidir. Çünki uşaqların toplandığı yerlərdə infeksiyalar yayılması daha sürətli olur. Üstəlik, bəzi xəstəliklər uşaqlardan da böyüklərə keçir. Onlarda da eyni simptomlarla özünü biruzə verə bilir".
İnfeksionist valideynlərə tövsiyələr verib:
"Yaxşı olar ki, valideynlər evdə uşaqların mütləq şəkildə əl gigiyenasına riayət olunmasının əhəmiyyətini başa salsınlar. Uşaqlara yanlarında öskürən, özünü pis hiss edən yoldaşı olanda maskadan istifadə etməyin vacibliyi vurğulanmalıdır.
Buna görə də onların çantalarına maskalar qoymaq olar. Beləliklə, uşaqda simptomlar olsa və ya kimsə özünü pis hiss etsə, maskasından istifadə edər. Bu kimi qabaqlayıcı tədbirlərdən istifadə etməklə insanlar uşaqlarını və özlərini qoruya bilərlər".
Ləman Qalimovanın sözlərinə görə, havaların soyuması ilə əlaqədar olaraq uşaqlara vitamin vermək olar:
"Lakin bunu həkim nəzarətində etmək lazımdır. Bundan başqa, övladlarınızın qidalanmasına, meyvə yeməsinə və bol miqdarda maye qəbul etməsinə fikir verin. Yaxşı havada çöldə də gəzmək olar. Eyni zamanda, geyimlərə də diqqət etməliyik. Düşünürəm ki, bu addımları ataraq özlərini və uşaqlarını xəstəliklərdən qoruya bilərlər".
Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb:
"Son zamanlarda bəhs etdiyim simptomlarla bağlı müraciətlər olur. Lakin hazırda qrip vaksinləri var. Ölkədə mövsümə uyğun olaraq ərazi üzrə istənilən poliklinikalara yaxınlaşıb həmin vaksinlərdən istifadə edə bilərlər".
Pərviz