Beynəlxalq alimlər qrupu androgenetik alopesiya - yəni kişi və qadın tipli saç tökülməsinin əsas müalicə vasitəsi olan minoksidilin effektivliyini artırmağın yeni yolunu tapıb. Məlum olub ki, steviya bitkisindən əldə edilən təbii şəkərləndirici steviozid maddəsi minoksidilin dəriyə nüfuzunu gücləndirir və onun təsirini artırır.
HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Advanced Healthcare Materials" (AHM) jurnalında dərc olunub.
Minoksidil, adətən, spreylər və məhlullar şəklində saçların yenidən çıxmasını stimullaşdırmaq üçün istifadə olunur, lakin onun zəif həllolma qabiliyyəti və dəridən keçmə səviyyəsinin aşağı olması müalicənin effektivliyini azaldır. Bu problemi həll etmək üçün tədqiqatçılar minoksidil və steviozid qarışığı ilə hazırlanan xüsusi həll olunan plastır (yamaq) üzərində işləyiblər.
Siçanlar üzərində aparılan təcrübə zamanı bu plastır tüklərin follikullarını aktiv böyümə mərhələsinə keçməyə sövq edib və yeni saçların əmələ gəlməsinə səbəb olub.
Araşdırmanın müəlliflərindən biri, Sidney Universitetinin professoru Lifen Kan qeyd edib:
"Minoksidilin dəriyə keçməsini yaxşılaşdırmaq üçün stevioziddən istifadə təbii və daha effektiv saç bərpa vasitələrinin yaradılması istiqamətində ümidverici addımdır. Bu yanaşma dünyada milyonlarla insana kömək edə bilər".
Samir