Guanqdongdakı Sun Yatsen Universitetinin alimləri müəyyən ediblər ki, bəzi viruslara qarşı genetik meyillilik insanlarda psixi pozğunluqlara tutulma riskini azalda bilər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Brain, Behavior & Immunity – Health (BBI)” jurnalında dərc olunub.
Alimlər Avropa mənşəli 410 mindən çox insanın genetik məlumatlarını FinnGen verilənlər bazası əsasında təhlil ediblər. Onlar “Mendel randomizasiyası” adlanan genetik üsuldan istifadə edərək viruslara qarşı həssaslıqla psixi xəstəliklər arasında səbəb-nəticə əlaqəsini müəyyənləşdiriblər.
Tədqiqatda 12 virus – o cümlədən hepatit B, İİV (insan immunçatışmazlığı virusu), Epşteyn-Barr virusu, SARS-CoV-2 və insan papilloma virusu (HPV) ilə bağlı genetik göstəricilər araşdırılıb. Daha sonra bu göstəricilərin beş əsas psixi pozğunluqla – depressiya, təşviş pozğunluğu, obsesiv-kompulsiv pozğunluq (OKP), şizofreniya və maniakal epizodlarla – əlaqəsi qiymətləndirilib.
Nəticələr göstərib ki, bəzi viruslara genetik həssaslıq paradoksal şəkildə müəyyən psixi xəstəliklərə qarşı qoruyucu təsir göstərə bilər:
* Hepatit B virusuna meyillilik ümumiləşmiş təşviş pozğunluğu riskini 6% azaldır;
* İİV-ə genetik meyillilik OKP riskini 16%,
* SARS-CoV-2-yə meyillilik isə eyni xəstəliyin riskini 22% azaldır;
* Papilloma virusuna qarşı həssaslıq şizofreniya riskini 16% azaldır.
Bununla belə, Epşteyn-Barr virusuna genetik meyillilik depressiya riskini bir qədər artırır. Alimlərin fikrincə, virusların təsir mexanizmləri eyni deyil — onların immun sistem və beyinlə qarşılıqlı əlaqəsi mürəkkəb və çoxşaxəlidir.
Tədqiqat müəllifləri qeyd ediblər ki, bu nəticələr virusların yalnız zərərli deyil, həm də bəzi hallarda psixikanı qoruyan bioloji mexanizmləri aktivləşdirə biləcəyini göstərir. Bu kəşf gələcəkdə psixi pozğunluqların qarşısının alınması və müalicə strategiyalarının formalaşdırılmasına təsir göstərə bilər.
Samir