Ağzımızdakı gizli sirr aşkar edildi: 74 faizimizdə var

SAĞLAMLIQ
20:34 / 16.10.2025
49

Ağızlarımız sadəcə yemək yediyimiz və ya danışdığımız bir orqan olmaqdan daha çoxu, trilyonlarla bakteriya və digər mikroorqanizmlərə ev sahibliyi edən mürəkkəb bir ekosistemdir. 

HİT.az xəbər verir ki, ğız mikrobiyomu adlanan bu populyasiyanın həm ümumi sağlamlığımız, həm də xəstəliklərlə əlaqəsi uzun müddətdir məlumdur. Lakin alimlər indi bu sahədə daha əvvəl heç kəşf edilməmiş nəhəng bir sirri ortaya çıxardı: Ağızlarımızda yaşayan mikrobların genomundan ayrılan, nəhəng DNA parçaları…

Tokio Universitetindən tədqiqatçıların apardığı və "Nature Communications" jurnalında dərc olunan araşdırma, ağız mikrobiyomunun yeni bir xüsusiyyətindən bəhs edir. Bu nəhəng DNA parçaları mikrobların əsas genetik materialından ayrı olaraq mövcuddur və bundan əlavə, elm qrupu bu quruluşların bədənin immun sistemindəki dəyişikliklərlə və hətta bəzi xərçəng növlərinin yaranması ilə əlaqəli olduğunu müəyyən edib.

Tədqiqatçılar, torpaq bakteriyalarında yaxın zamanda kəşf olunan, orqanizmin əsas genomundan ayrı duran "xromosomdan kənar elementlər (XKE-lər)" adlanan quruluşlardan ilham alıblar. İnsanlarda mitoxondrial DNA bu tip bir XKE ikən, bakteriyalarda məlum olan kiçik XKE-lərə plazmid deyilirdi. Tədqiqatçılar, bu nəhəng XKE-lərin sadəcə torpaqda deyil, insan bədənindəki bakteriyalarda da tapıla biləcəyini güman ediblər.

Araşdırmanın baş müəllifi Yuya Kiqüçi və həmkarları qeyd edir ki, kommensal (simbioz şəklində yaşayan) mikroblarımızda daha əvvəl bu cür nəhəng quruluşlara dair heç bir nümunəyə rast gəlinməyib.

Tədqiqatçılar yüzlərlə şəxsdən götürülmüş tüpürcək nümunələrindən istifadə edərək, nəhəng XKE-lərin ağız mikrobiyomumuzda da mövcud olduğunu ilk dəfə kəşf ediblər. Qrup bu nəhəng DNA parçalarına "inokül" adını verib. İştirakçıların təxminən 74%-nin ağız mikrobiyomunda bu inoküllərin olduğu aşkarlanıb.

Bəs bu nəhəng DNA parçaları niyə indiyədək aşkar edilə bilməyib? Illərdir davam edən mikrobiyom araşdırmalarında ənənəvi olaraq qısa oxunan DNT diziləşdirmə üsullarından istifadə olunurdu. Bu üsul DNT-nı kiçik hissələrə ayırıb kompüter vasitəsilə birləşdirməyi əhatə edir. Lakin tədqiqatçılar, inoküllərin bu metodun aşkar edə bilməyəcəyi qədər böyük və mürəkkəb olduğunu fərq ediblər. Alimlər daha bahalı və vaxt aparan, lakin daha böyük DNT parçalarını birləşdirməyə qadir olan uzun oxunan DNT diziləşdirmə üsulundan istifadə edərək, bu nəhəng xromosomdan kənar parçaları nəhayət aşkar edə biliblər.

Bu kəşfin ən mühüm hissəsi, inokül səviyyələrindəki fərqlərin insan sağlamlığı ilə əlaqəsidir. Tədqiqatçılar inokül səviyyələri ilə müəyyən bakterial və virus infeksiyalarına qarşı immun cavabı da daxil olmaqla, immun sistemi fərqləri arasında əlaqə tapıblar.

Bundan əlavə, araşdırmada iştirak edən və baş-boyun və ya kolorektal xərçəng növlərindən birinə sahib olan 68 şəxsdə, bu xərçəng növləri olmayanlarla müqayisədə daha aşağı inokül səviyyələri var. Tədqiqatın müəllifləri bu vəziyyətin yeni kəşf edilən bu nəhəng DNA parçalarının gələcəkdə xərçəng bio markerları kimi istifadə edilmə potensialını əhəmiyyətli dərəcədə artırdığını irəli sürür.

Tədqiqatçılar üçün növbəti hədəf, bu inokülləri laboratoriyada çoxaldaraq onların funksiyalarını və bakteriyalar ilə insanlar arasında necə yayıla biləcəyini ətraflı öyrənmək olacaq.

Samir

0