“Extra Virgin” zeytun yağı iltihabəleyhinə xüsusiyyətləri sayəsində orqanizmə müalicəvi təsir göstərir və ürək-damar sağlamlığını gücləndirir.
Hit.az xəbər verir ki, “Verywellhealth” nəşrinin yazdığına görə, bu yağın istifadəsi yüksək qan təzyiqinin azalmasına və orqanizmdəki iltihabi proseslərlə mübarizəyə kömək edir.
Qeydiyyatdan keçmiş dietoloq Elizabet Barns bu məhsulun beş əsas faydasını izah edib.
1.Ürək sağlamlığı
“Extra Virgin” (birinci soyuq sıxım) zeytun yağının istifadəsi ürək xəstəlikləri riskini azalda bilər. Mütəxəssis qeyri-sağlam yağların – məsələn, kərə yağının – əvəzinə zeytun yağı kimi daha sağlam variantlardan istifadəni tövsiyə edir.
2018-ci ildə “The New England Journal of Medicine” jurnalında dərc olunmuş araşdırmaya görə, gündə dörd xörək qaşığı zeytun yağı qəbul edən şəxslərdə ürək xəstəlikləri riski az yağlı pəhriz saxlayanlarla müqayisədə 30 faiz aşağı olub.
2.Sümüklərin sağlamlığı
Zeytun yağının müntəzəm istifadəsi sümük sıxlığının artmasına kömək edir.
“MDPI” jurnalında 2018-ci ildə dərc edilən kiçik bir tədqiqat göstərib ki, gündə 20 millilitrdən (təxminən 1 xörək qaşığı) çox zeytun yağı qəbul edən qadınların sümük sıxlığı bu miqdardan az istifadə edənlərə nisbətən daha yüksək olub.
3.Dərinin sağlamlığı
“Extra Virgin” zeytun yağı iltihabəleyhinə təsiri ilə dəri üçün də faydalıdır. Onun qəbulu dərinin nəmlənməsinə, təmizlənməsinə və qocalma prosesinin ləngiməsinə yardım edir. Lakin mütəxəssis xəbərdarlıq edir ki, ekzema və ya akne kimi dəri xəstəliklərinin müalicəsində zeytun yağından həkim məsləhəti olmadan istifadə etmək olmaz.
4.Beyin sağlamlığı
Bu yağ demensiyanın qarşısının alınmasında da rol oynaya bilər. 90 mindən çox amerikalının iştirak etdiyi geniş tədqiqat göstərib ki, gündə yarım xörək qaşığından çox zeytun yağı qəbul edən insanların demensiyadan ölüm riski onu nadir hallarda istifadə edənlərə nisbətən 28 faiz az olub.
Tədqiqatçılar bu təsiri zeytun yağının antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə izah ediblər. Araşdırmanın nəticələri 2023-cü ildə “Amerika Qidalanma Cəmiyyəti” tərəfindən dərc olunub.
5.Diabetin profilaktikası
Zeytun yağının müntəzəm istifadəsi bədən çəkisinin azalmasına kömək edir və bu da II tip diabetin yaranma riskini azaldır.
İstifadə zamanı mümkün risklər
“Extra Virgin” zeytun yağı ümumilikdə təhlükəsiz məhsul hesab olunur, lakin bəzi risklər mövcuddur. Məsələn, bəzi insanlarda allergiya yarada bilər. Bundan başqa, onun yüksək kalori və yağ tərkibi artıq çəkisi olan şəxslər üçün arzuolunmazdır.
Dietoloqun sözlərinə görə, bu yağı gündəlik qidalanmaya daxil etməzdən əvvəl, xüsusən də ürək və ya şəkər xəstəliyi kimi xroniki problemləri olan şəxslər həkimlə məsləhətləşməlidirlər.
Samir