Bəzi insanlar yüksək təzyiq, bəziləri isə aşağı təzyiqdən əziyyət çəkir.
Bir qrup xəstələr də vardır ki, aşağı təzyiqdən şikayətçidir. Amma onları ciddiyə alan olmur.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, hər insanın özünün fərdi təzyiq göstəriciləri olur. Normadan cüzi artıb-azalma, həmin insanın özünü hiss etməsinə bağlıdır. Normada təzyiq 120/80 olmalıdır. Amma bəzi insanlar üçün 115/80 və ya 125/90 normal hesab oluna bilər:
"Aşağı təzyiqin səbəbi yorğunluq, davamlı stress, yuxusuzluq, qanazlığı, irsi, genetik və digərləri ola bilər. Əgər aşağı təzyiq anadangəlmə yaranıbsa və uşaqlıqdan varsa, onun müalicəsinə ehtiyac yoxdur. Aşağı təzyiq üçün ideal müalicə düzgün qidalanma, yaxşı yuxu rejimi və aktiv həyat tərzidir. Əgər insan çox yorulursa, gücü yetdiyindən artıq işləyirsə, 7 saatdan az yatırsa, hipotoniyaya tutulmaq riski çoxdur. Aşağı təzyiq kompleks müalicə və səbəbi tapılmaqla ayrı-ayrı dərmanlarla müalicə olunur. Məlumat üçün deyim ki, təbii tünd, şirin qara çay, şərbət, qara qəhvə, qara şokolad, nabat, duzlu ayran, duzlu şoraba təzyiqi 15 dəqiqə ərzində qaldıra bilər. Bu vasitələr heç də hamıya təsir etmir".
Sevinc