Ekran qarşısında uzun müddət vaxt keçirmək bəzi sağlamlıq problemlərini də özü ilə gətirir. Xüsusilə uşaqlarda mobil cihazlardan həddindən artıq istifadə “mətn boynu sindromu” (text neck) adlanan əzələ-iskelet sistemi pozuntusu riskini artırır.
Hit.az xəbər verir ki, uzunmüddətli telefon və planşet istifadəsi zamanı yaranan bu vəziyyət boyun, kürək və çiyin ağrıları ilə özünü göstərir.
Ortopediya və travmatologiya üzrə mütəxəssis dosent Suat Batar bildirib ki, texnologiyanın həyatın mərkəzinə sürətlə daxil olması bir çox müsbət tərəflərlə yanaşı, mənfi təsirləri də artırıb. O vurğulayıb ki, son illərdə, xüsusilə gənclər və uşaqlar arasında planşet və ağıllı telefon istifadəsinin artması yeni bir sağlamlıq probleminin meydana gəlməsinə səbəb olub. Başın və qolların bədənin önündə olduğu bu əyilmiş duruş vəziyyətində uzun müddət qalmaqla yaranan bu narahatlıq tibb ədəbiyyatına “mətn boynu sindromu” kimi daxil olub.
Batarın sözlərinə görə, normal bir yetkin insanda başın çəkisi təxminən 5 kiloqramdır və dik duruş zamanı onurğaya düşən yük də bu qədər olur. Lakin baş öndə əyildikcə bu yük artır — 30 dərəcə əyilmədə 18 kiloqrama, 60 dərəcə bucaq altında isə 27 kiloqrama qədər yüksəlir. Bu vəziyyət uzun müddət davam etdikdə boyun və kürək hissəsindəki oynaqlarda, əzələlərdə və vətərlərdə degenerativ dəyişikliklərə yol açır.
Uşaqların baş ölçüsünün bədənə nisbətən daha böyük olması səbəbindən bu vəziyyətdən daha asan təsirləndiklərini bildirən Batar deyib: “Bu, xüsusilə kürək və boyun hissəsində xroniki ağrılara və həyat keyfiyyətinin azalmasına səbəb olur. ABŞ-da aparılan bir araşdırmada mobil cihaz istifadə edən tələbələrin 40 faizində boyun və kürək ağrıları müşahidə olunub".
O, Türkiyədə aparılan oxşar bir araşdırmanın da bənzər nəticələr verdiyini, uzunmüddətli telefon istifadəsinin əzələ-iskelet sistemi pozuntuları, zəif yuxu keyfiyyəti və depressiya riskini artırdığını qeyd edib.
Profilaktik tədbirlər əsas müalicə üsuludur
Batar bildirib ki, gündə 3 saat və ya daha çox mobil cihaz istifadə edən şəxslərdə boyun, kürək, çiyin ağrısı, baş ağrısı, yuxusuzluq və halsızlıq, əllərdə keyimə və uyuşma kimi simptomlardan ən azı üçünün olması mətn boynu sindromuna işarə edir.
Onun sözlərinə görə, sindromun müalicəsində ilk addım profilaktik yanaşmadır — yəni ekran qarşısında qalma müddətinin azaldılması. Lazım gəldikdə isə dərman müalicəsi, müvafiq fiziki məşqlər və fizioterapiya üsulları əlavə olunur.
Batar valideynlərə xəbərdarlıq edib: “Uşaqların və yeniyetmələrin ekran qarşısında keçirdiyi vaxta sərhəd qoyulmalı, valideynlər bu mövzuda nümunə olmalıdır. Uşaqları fiziki fəaliyyətə cəlb edən birgə oyunlar qurmaq bu vərdişin azalmasına kömək edir".
O əlavə edib ki, pilates və yoqa kimi duruşu yaxşılaşdıran məşqlər həm yanlış duruşdan yaranan ağrıları azalda, həm də ekran asılılığını zəiflədə bilər: “Ekran vaxtını azaltmaq və sadə gərmə-gücləndirmə hərəkətləri ilə xroniki ağrılardan və yuxu pozğunluqlarından böyük ölçüdə qaçmaq mümkündür. Lakin bu tədbirlərə baxmayaraq nəticə alınmayan hallarda tibbi və ya fiziki müalicə üsullarına müraciət olunmalıdır".
Samir