"Payız mövsümü plastik əməliyyatlar üçün ən əlverişli vaxt hesab olunur, çünki bu dövrdə bərpa prosesi yayla müqayisədə daha asan keçir".
HİT.az xəbər verir ki, bunu gazeta.ru-ya plastik cərrah Andrey Nesterenko deyib.
"Payızın sərin havası və günəş aktivliyinin azalması reabilitasiya üçün ideal şərait yaradır. Üz və bədən əməliyyatlarından sonra dəri ultrabənövşəyi şüalara qarşı xüsusilə həssas olur — bu, piqmentasiyaya və şişkinliyin artmasına səbəb ola bilər. Rahat temperatur tərin azalmasına, nəticədə tikiş sahəsində iltihab riskinin enməsinə kömək edir. Bundan əlavə, kompression geyimlərin istifadəsi də bu dövrdə daha rahatdır", deyə həkim bildirib.
Nesterenkonun sözlərinə görə, yay mövsümünün qayğılarından sonra və qış bayramlarından əvvəl bir çox insan məhz payızda bərpa üçün məzuniyyət götürə bilər. O, həmçinin vurğulayıb ki, qalın payız geyimləri əməliyyat izlərini, şişkinliyi və kompression geyimləri asanlıqla gizlədir, bu da psixoloji rahatlıq yaradır.
Mütəxəssis qeyd edib ki, bir çox plastik əməliyyatlardan sonra tam reabilitasiya müddəti 3–6 ay çəkir. Buna görə də əməliyyatı payızda planlaşdıran insanlar yay mövsümünə qədər nəticəni tam görmək imkanı qazanırlar:
"Payızda orqanizm yay mövsümündən sonra vitaminlərlə zəngindir, bu da yaraların sağalmasını və ümumi vəziyyəti yaxşılaşdırır. Nəticədə, bərpa müddəti qısalır və ağırlaşma riski azalır".
Nesterenko həmçinin bildirib ki, payız plastik cərrahlar üçün “aşağı mövsüm” sayılır. Bu isə daha uyğun tarix seçmək və prosedur üçün növbə gözləmə müddətini azaltmaq baxımından üstünlük yaradır.
"Bu vaxt ərzində bütün müayinələrdən keçmək, əməliyyatın detalları barədə cərrahla sakit şəkildə danışmaq və hazırlığı tələsmədən aparmaq mümkündür", deyə həkim yekunlaşdırıb.
Samir


