Son illərdə tibb dünyasında ciddi narahatlıq doğuran tendensiya müşahidə olunur: 50 yaşdan aşağı şəxslər arasında xərçəng hallarının, xüsusilə də yoğun bağırsaq (kolorektal) xərçənginin artması. 42 ölkəni əhatə edən geniş beynəlxalq araşdırma göstərib ki, kolorektal xərçəng yalnız yaşlılarda deyil, gənclər arasında da artmaqdadır və bəzi ölkələrdə bu artım daha sürətli xarakter alır.
Tədqiqat nəticələrinə görə, 20-49 yaş arası şəxslər arasında yoğun bağırsaq xərçəngi halları bəzi regionlarda 50 yaşdan yuxarı yaş qruplarına nisbətən daha çox artıb. Alimlər bu vəziyyəti izah etmək üçün bir neçə fərqli səbəb irəli sürürlər. Əsas amillər arasında qidalanma vərdişlərinin dəyişməsi, az hərəkətli həyat tərzi, emal olunmuş məhsulların çox istifadəsi, bağırsaq mikrobiotasında pozulmalar və piylənmə halları göstərilir.
Eyni zamanda, yaşlı insanlarda aparılan rutin skrininq testləri də bu fərqi yaradan səbəblərdəndir. Belə ki, kolonoskopiya və digər profilaktik yoxlamalar sayəsində yaşlılarda xəstəlik erkən mərhələdə aşkarlanır, bu da ağırlaşma hallarının azalmasına gətirib çıxarır. Amma gənclər arasında belə bir sistematik yoxlamalar aparılmadığından, xəstəlik çox vaxt gec mərhələdə müəyyən olunur.
Mütəxəssislərin fikrincə, burada söhbət təkcə gənclərin səhv həyat tərzindən getmir. Bu, kompleks - həm ekoloji, həm də sosial dəyişikliklərlə bağlı olan çoxfaktorlu bir problemdir. Gənclər arasında piylənmənin artması, yanlış qidalanma, antibiotiklərin sui-istifadəsi, habelə stress və yuxusuzluq kimi amillər orqanizmin müdafiə sistemini zəiflədir və xərçəngə meyilliliyi artırır.
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov “Yeni Müsavat”a bildirib ki, əvvəllər xərçəng yaşlı insanların xəstəliyi hesab olunurdusa, indi vəziyyət tamamilə dəyişib. Onun sözlərinə görə, xəstəlik gənclər arasında çox sürətlə yayılmağa başlayıb: “Demək olar ki, yaş fərqi aradan qalxıb. İstənilən yaşda xərçəng xəstəliyinə rast gəlmək olur. Burada bir çox amil var. İlk növbədə deyim ki, tək bizim ölkədə deyil, bütün dünyada xərçəng sürətlə yayılmağa başlayıb. Son zamanlar ABŞ və Avropa ölkələrinin apardığı araşdırmalara əsasən, demək olar ki, xərçəngin yayılmasında 40- 50 faiz qida faktoru rol oynayır. Burada söhbət düzgün qidalanmamaqdan gedir. Buraya ”fast food" qidalardan, spirtli, qazlı və enerji içkilərindən çox istifadə, kolbasa və sosiska məhsullarının istehlakı aiddir. Bunlar da xərçəngin sürətlə yayılmasına, cavan yaşlarda xəstəliyə tutulmağa səbəb olur. Digər məsələ isə hərəkətsizlik faktorudur. Artıq texnologiya o qədər sürətlə inkişaf edib ki, insanlar hərəkət etmək istəmir. Hər şeyi texnologiyanın köməyi ilə həll edir. Hərəkətsizlik xərçəngin yaranmasına səbəb olan amildir.
Xərçəngin yaranmasında stres faktorunu da unutmayaq. Həmçinin virusların yayılması da öz sözünü deyir. Hepatit B və hepatit C, daha sonra İnsan papillomavirus infeksiyası (HPV) uşaqlıqyolu xərçənginin sürətlə yayılmasına gətirib çıxarır. Travmaların da xərçəngin yaranmasında rolu var. Qadınların tez-tez abort etdirməsi uşaqlıq boynu xərçənginin çox sürətlə yayılmasına səbəb olur. Qadınlar arasında süd vəzi xərçəngi də geniş yayılıb. Buna uşaq sayının az olması və ya doğumdan sonra körpəyə ana südünün verilməməsi kimi məsələlər təsir edir.
Kişilər arasında isə ağciyər və yoğun bağırsaq xərçəngi geniş yayılıb. Ümumiyyətlə, hər iki cinsdə son zamanlar bu növ xərçəng geniş yayılıb. Qida borusu və mədə xərçəngləri də artmağa başlayıb. Buna tütün məmulatlarından çox geniş istifadə şərait yaradır. İndi qadınlarımız da qəlyan, siqaret çəkirlər, alkoqol qəbul edirlər. Bunlar ağciyər və qaraciyər xərçənginə səbəb olacaq amillərdir. Başqa amillərə isə hava çirkliliyini nümunə göstərmək olar. Burada avtomobillərin yaratdığı zəhərli qazlardan, maddələrdən söhbət gedir".
Həkim gənclərə tövsiyyə edir ki, fast food qidalardan imtina etsinlər: “Haraya baxırsan gənclərimiz dönər, kolbasa- sosiska yeyir. Qazlı və alkoqollu içkilər içirlər. Bunlardan uzaq dursunlar”.
Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov qeyd edib ki, xərçəng xəstəliyinin rastgəlmə tezliyi artmaqdadır: “Bu tendensiya özünü aşağı yaş qrupları arasında da göstərir. Burada bir neçə faktor var. Onlardan biri də qidalanmada baş verən dəyişikliklərdir. Həyatın sürətlənməsi ilə əlaqədar tez hazır olan qidalardan istifadə edilir. Məsələn, fast foodlar və ya konservləşdirilmiş qidaları sadalamaq olar. Bunlar daha çox konserogen sayılan qidalardır. Digər səbəb isə hərəkət məhdudluğu ilə bağlıdır. Mədə- bağırsaq xərçəngində hərəkətsizliyin müəyyən rolu var. Çünki hərəkətsizlik bağırsaqlarda statikliyə səbəb olur. Bu da qida qalıqlarının bağırsaq divarına təması nəticəsində müəyyən bir konserogen mühitin yaranmasına gətirib çıxardığı ehtimal olunur. Piylənmənin rolu ilə bağlı sual altında olan müəyyən diskussiyalar var. Piylənmənin xərçəngin yaranmasında rolu araşdırılır. Alkoqol və siqaretdən istifadə də ciddi risk faktoru içərisindədir.
Qidaların həddindən artıq genetik dəyişikliyə uğraması , onların insanların yaşadığı yerlərə aid olmaması məsələsi də var. Məsələn, Azərbaycanda yaşayanlar bizə xas olmayan, başqa ölkələrdən gətirilən, geni dəyişdirilmiş, mənşəyi bəlli olmayan qidalarla bəslənə bilirlər. Bütün bunlar da orqanizmə öz təsirini göstərir".


