Qaraciyər xəstəliklərini geri çevirə bilən təbii vasitə tapıldı

SAĞLAMLIQ
09:52 / 28.10.2025
59

Bütün dünyada saç və dəri üçün təbii boyaq kimi tanınan henna, təhlükəli xəstəlik — qaraciyər fibrozuna qarşı yeni dərmanın əsasını təşkil edə bilər. Osaka Şəhər Universitetinin tədqiqatçıları aşkar ediblər ki, Lawsonia inermis bitkisinin tərkib hissəsi olan Lawsone, qaraciyərdə yaranan çapıq toxumasının inkişafını dayandıra və hətta patoloji prosesi geri çevirə bilir. 

HİT.az xəbər verir ki, tədqiqat "Biomedicine & Pharmacotherapy" (B&P) jurnalında dərc olunub.

Qaraciyər fibrozunun inkişafı orqanın xroniki zədələnməsi nəticəsində baş verir — məsələn, alkoqolun həddindən artıq qəbulu və ya piylənmə səbəbindən. Bu vəziyyətdə qaraciyər funksiyalarını tədricən itirir, sağlam hüceyrələrin yerində isə sərt bir birləşdirici toxuma əmələ gəlir. Bu, sirroz, qaraciyər çatışmazlığı və xərçəng riskini artırır. Fibrozun ağır formaları əhalinin təxminən 4%-də müşahidə olunmasına baxmayaraq, hələ effektiv dərman yoxdur.

Dosent Tsutomu Matsubara və doktor Atsuko Daikoku rəhbərliyindəki komanda qaraciyərdə fibroz prosesində əsas rol oynayan ulduz hüceyrələrinə birbaşa təsir edən maddələri aşkar edə bilən kimyəvi skrininq sistemi hazırlayıb. Normalda bu hüceyrələr qaraciyərdə balansı tənzimləyir, lakin zədələnmə zamanı hiperaktiv olur və həddindən artıq kollagen istehsal etməyə başlayır. Alimlər yüzlərlə birləşməni sınaqdan keçirərək müəyyən ediblər ki, Lawsone — hənnanın xarakterik rəngini verən təbii piqment — ulduz hüceyrələrinin fəaliyyətini basdırmağa qadirdir.

Siçanlar üzərində aparılan eksperimentlər maddənin effektivliyini təsdiqləyib: maddə verildikdən sonra heyvanlarda fibrozla bağlı zülalların səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, eyni zamanda antioksidant xüsusiyyətli və sağlam qaraciyər hüceyrələrinə xas olan sitoqlobin zülalının miqdarı artıb. Bu isə hüceyrələrin normala, “yatmış” vəziyyətə qayıtdığını göstərir.

“Bizim nəticələrimiz göstərir ki, Lawsone əsasında yalnız fibrozun yavaşlamasına deyil, həm də qaraciyər toxumasının bərpasına kömək edən ilk dərmanı yaratmaq mümkündür", deyə Tsutomu Matsubara bildirib.

Alimlər artıq dərmanı aktivləşmiş hüceyrələrə dəqiq çatdıracaq sistem üzərində işləyirlər. Gələcəkdə bu inkişaf yalnız qaraciyər fibrozuna deyil, həm də birləşdirici toxumanın həddindən artıq əmələ gəlməsi ilə bağlı digər xəstəliklərin terapiyasına əsas ola bilər.

Samir
 

0