Konservləşdirilmiş pomidorların istehlakı ürək xəstəlikləri və xərçəng riskini azaldır, əzələlərin bərpasına kömək edir və qandakı iltihab markerlərinin səviyyəsini aşağı salır.
HİT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Sağlamlıq Xidməti (NHS) diyetoloqları Nikola Ladlem-Reyn və Emma Şafkat "Daily Mail" ilə söhbətində bildirib.
Ladlem-Reyn qeyd edib ki, qida dəyərləri baxımından lider konservləşdirilmiş pomidorlardır. Onlar likopinlə zəngindir – bu güclü antioksidant prostat, ağ ciyər və mədə xərçəngi riskini azaldır. Həmçinin likopin iltihab səviyyəsini azaldaraq ürək və damarları qoruyur. Diyetoloqun sözlərinə görə, konservləşdirilmiş pomidorlarda likopin miqdarı təzə pomidordan yüksəkdir.
“Likopinin məşqdən sonra bərpa prosesinə kömək etdiyi də sübut olunub. Yunanıstanda aparılan tədqiqat göstərib ki, pomidor şirəsi əzələ toxumasını daha sürətli bərpa edir və qandakı iltihab markerlərini enerji içkisindən daha çox azaldır”, deyə Ladlem-Reyn əlavə edib.
Ekspertlər həmçinin konservləşdirilmiş meyvələri – məsələn, şaftalı, ananas və ya digər meyvələri rasiona daxil etməyi tövsiyə ediblər. Onlarda C vitamini təzə meyvələr qədər olmasa da, A və E vitaminləri baxımından zəngindir.
Əlavə olaraq, Dr. Şafkat skumbriya və sardina konservlərinə diqqət yetirməyi məsləhət görüb:
“Konservləşdirilmiş balıq, xüsusilə süd məhsullarını az istifadə edənlər üçün kalsium və omeqa-3 yağ turşuları mənbəyi ola bilər”.
Digər faydalı seçimlər arasında noxud, lobya, yaşıl noxud və ya mərcimək konservləri var. "Bu məhsullar zülal, dəmir və vitaminlərlə zəngindir və digər yeməklərlə asanlıqla birləşdirilə bilər", diyetoloq qeyd edib.
Samir


