Süd məhsulları arteriyalarda kalsifikasiya riskini azaldır

SAĞLAMLIQ
13:18 / 31.10.2025
107

Gənclikdə tam yağlı süd məhsullarının mütəmadi istehlakı orta yaşda ürək-damar xəstəliklərinin riskini azaldır. 

HİT.az xəgər verir ki, bu nəticəyə Minnesota Universitetinin alimləri gəlib. İşin nəticələri "The Journal of Nutrition" (JNutri) jurnalında dərc olunub.

Tədqiqat CARDIA layihəsinin 3,1 mindən çox iştirakçısının məlumatları əsasında aparılıb. Onlar 25 il ərzində – gənclikdən orta yaşa qədər – izlənilib. Alimlər istifadə olunan süd məhsullarının növü ilə damar divarlarında kalsium yığılma riski arasındakı əlaqəni qiymətləndiriblər. Bu proses ürək xəstəliklərinin erkən əlaməti hesab olunur.

Kalsium damar divarlarında artıq zədələnmə və ya dəyişikliklər olan yerlərdə toplanır: aterosklerotik lövhələrdə (bu, damar keçidini daralda bilər) və ya arteriyaların orta qatında (sərt damarlar ürəyin əlavə yüklə işləməsinə səbəb olur).

Nəticələr göstərib ki, tam süd, pendir və tam yağlı qatıq tez-tez qəbul edən insanlarda arteriyaların kalsifikasiya ehtimalı 24% aşağıdır. Eyni zamanda, az yağlı və yağsız süd məhsulları belə qoruyucu təsir göstərməyib.

“Alınan nəticələr göstərir ki, süd yağının ürək sağlamlığındakı rolu bəlkə də az qiymətləndirilir. Bu təsir yalnız yağın tərkibi ilə deyil, gənclikdə formalaşan metabolizma xüsusiyyətləri ilə də bağlıdır”, deyə alimlər qeyd ediblər.

Tədqiqatçılar hesab edirlər ki, süd yağının bəzi birləşmələri iltihab əleyhinə təsir göstərə və lipid mübadiləsinə müsbət təsir edə bilər. Gələcəkdə komanda tam südün hansı komponentlərinin damarları qoruduğunu və onların daha sonrakı yaşlarda ürək-damar xəstəliklərinin profilaktikası üçün istifadə edilə biləcəyini araşdırmağı planlaşdırır.

Samir

0