Qan təzyiqi yaxşı nəzarət altında olsa belə, hər ürək döyüntüsündən digərinə baş verən güclü dalğalanmalar yaşlı insanlarda beyin zədələnməsi riskini artırır. Bu nəticəyə Cənubi Kaliforniya Universitetinin alimləri gəlib.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Alzheimer’s Disease" (JAD) jurnalında dərc olunub.
Tədqiqata 55–89 yaş arası 105 yaşlı şəxs cəlb edilib. İştirakçılar əsasən sağlam olub və ciddi nevroloji xəstəlikləri olmayıb. Onların qan təzyiqi MRT zamanı 7 dəqiqə ərzində hər ürək döyüntüsünü qeyd edən manjet vasitəsilə davamlı ölçülüb.
Alimlər təzyiqin ürək döyüntüləri arasında nə qədər dəyişdiyini və damarların nə qədər elastik olduğunu analiz edərək qan dövranının “dinamik sabitsizliyini” qiymətləndiriblər.
Nəticələr göstərib ki, təzyiqi yüksək dəyişkən və sərt arteriyalara malik insanlarda hipokampus və entorinal korteksin həcmi kiçik olub. Bu beyin sahələri yaddaş və öyrənmə üçün vacibdir və Alzheimer xəstəliyində ilk zədələnən sahələrdən sayılır. Qan analizləri də sinir hüceyrələrinin zədələnməsi ilə əlaqəni təsdiqləyib: sabit olmayan təzyiqi olan iştirakçılarda neyrodegenerasiya markerlərindən sayılan yüngül neyrofilament (NfL) səviyyəsi yüksək olub.
Nəticələr yaş, cins və orta təzyiq nəzərə alınandan sonra da əhəmiyyətli qalıb. Bu alimlərə təzyiqin ümumi səviyyəsindən daha çox dalğalanmaların beyinə risk yaratdığını düşündürür. Tədqiqatçılar həmçinin dəyişikliklərin sol yarımkürədə daha nəzərəçarpan olduğunu qeyd ediblər ki, bu da əvvəllərki məlumatlarla uyğun gəlir – sol yarımkürənin damar stresi və neyrodegenerativ proseslərə daha həssas olduğu məlumdur.
Samir

 
										 
										 
										 
										 
										 
										 
										 
										
