Pensilvaniya Universitetinin alimləri müəyyən ediblər ki, stress beyin qan dövranında pozuntular yarada bilər. Bu faktor Altsheymer xəstəliyinin inkişafına səbəb ola bilər.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "eLife" jurnalında dərc olunub.
Alimlər aşkar ediblər ki, siçanlarda normal qan dövranını təmin edən və neyronların koordinasiyalı fəaliyyətinə cavabdeh nadir sinir hüceyrələri — nNOS tip 1 neyronlarıdır. Bu hüceyrələr bütün beyin neyronlarının 1%-dən azını təşkil edir. Onlar stressə son dərəcə həssasdır və güclü emosional yüklənmələr zamanı ölə bilərlər.
nNOS hüceyrələrinin təsirini öyrənmək üçün alimlər saporin toksinindən istifadə edərək yalnız bu tip neyronları selektiv şəkildə məhv ediblər. Təsir sonrası beyin damarlarının spontan dalğalanmalarında əhəmiyyətli zəifləmə və neyron fəaliyyətində azalma müşahidə olunub.
Həmçinin, heyvanlarda bu neyronların məhv edilməsi qan dövranı və beyin elektrik fəaliyyətinin azalmasına səbəb olub, xüsusilə yuxu zamanı. Alimlərin sözlərinə görə, bu nNOS hüceyrələrinin beyinə oksigen təmin etmədə və neyron əlaqələrinin saxlanmasında əsas rol oynadığını sübut edir.
“Qan dövranının azalması beynin funksiyasının pisləşməsini və nevrodegenerativ xəstəliklərin inkişafını sürətləndirən amillərdən biridir. Xroniki stress səbəbindən bu nadir neyronların itirilməsi bu pisləşmənin az qiymətləndirilmiş səbəbi ola bilər", deyə tədqiqatın baş müəllifi, mühəndislik elmləri professoru Patrick Drev qeyd edib.
Alimlər hesab edirlər ki, oxşar funksiyalı hüceyrələr insan beynində də mövcuddur. Onların rolunu başa düşmək, yaşa bağlı beyin pozuntularının qarşısını almaq və bəlkə də demensiyanın inkişafını yavaşlatmaq üçün yeni yolların hazırlanmasına kömək edə bilər.
Samir


