İnsan bədənində quduzluq virusunu gücləndirən gen kəşf edildi

SAĞLAMLIQ
16:53 / 13.11.2025
41

Kansas Universitetinin alimləri müəyyən ediblər ki, PARP14 geni herpes və COVID-19-dan qoruyur, amma orqanizmdə rabdovirusların, o cümlədən quduzluq virusunun çoxalmasına kömək edir. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri mBio jurnalında dərc olunub.

PARP14 geni insan və bütün məməlilərdə mövcuddur. O, irsi immun sistemin vacib elementi olan interferonun tənzimlənməsində əsas rol oynayır.

"Biz ilk dəfə göstərdik ki, PARP14 bir sıra viruslara qarşı antiviral fəaliyyət göstərir. Bu genin kodlaşdırdığı protein virusları məhv etməyə kömək etməklə yanaşı, immun cavabı bir neçə istiqamətdə gücləndirir", deyə tədqiqatın baş müəllifi, dosent Antoni Ferr bildirib.

Alimlər PARP14-ə ilk dəfə COVID-19 ilə bağlı tədqiqatlar zamanı diqqət yetiriblər. Komanda bu proteinin koronavirusları aktiv şəkildə məhdudlaşdırdığını, orqanizmə infeksiyanı “idarə etməyə” kömək etdiyini aşkar edib. Daha sonra PARP14-ün həmçinin herpes simplex virusuna (HSV-1) qarşı da təsirli olduğu müəyyən olunub. Hazırda tədqiqat qrupu onun herpes virusu infeksiyalarındakı rolunu öyrənmək üçün yeni qrant alıb.

Lakin alimlərin sözlərinə görə, protein virus növündən asılı olaraq fərqli davranır. Xüsusilə, PARP14 rabdovirusların, o cümlədən quduzluq virusunun çoxalmasına kömək edir. Ferr qeyd edir ki, bu kəşf PARP14-ün fəaliyyətini klinik məqsədə uyğun olaraq həm gücləndirə, həm də zəiflədə biləcək dərmanların inkişaf etdirilməsinə imkan yaradır.

Bundan əlavə, PARP14 yalnız virus infeksiyaları ilə məhdudlaşmır. Alimlər hesab edirlər ki, o, iltihabi proseslərin və autoimmun xəstəliklərin tənzimlənməsi ilə də əlaqəli ola bilər. PARP14 fəaliyyətinin inhibə edilməsi xroniki iltihab, diabet və immun sisteminin hiperaktivliyi ilə bağlı digər pozuntuların simptomlarını azaltmağa kömək edə bilər.

Samir
 

0