Azərbaycanda mədəkiçiltmə əməliyyatlarına maraq sürətlə artır. Statistikaya görə, 2023-cü ildə ölkədə 1100, 2024-cü ildə isə 1264 belə əməliyyat icra olunub. Son 12 ilin ümumi göstəricisinə baxanda rəqəm 11 mindən artıqdır. Bu dinamika ölkədə piylənmə probleminin hansı ölçüdə yayıldığını və insanların pəhrizlə arıqlamaqda niyə çətinlik çəkdiyini bir daha ortaya çıxarır.
Tədris Cərrahiyyə Klinikasının ümumi, bariatrik və metabolik cərrahı, tibb elmləri doktoru Elçin Abdinov bildirib ki, mədəkiçiltmə əməliyyatı geniş yayılıb, lakin hər klinika və hər cərrah bu əməliyyatı icra edə bilmir. Onun sözlərinə görə, bunun üçün yüksək ixtisaslı komanda və tam təchiz olunmuş klinika olmalıdır: “Cərrah, anestezioloq, endokrinoloq, dietoloq, reanimatoloq, təcrübəli tibb personalı - hamısı bir komandada olmalıdır. Əməliyyat zamanı və sonrasında yarana biləcək ağırlaşmaları aradan qaldırmaq üçün klinikanın texniki imkanları mütləqdir”.
Cəmiyyət arasında ən çox verilən sual budur: niyə insanlar pəhrizlə arıqlaya bilmir? Mütəxəssis bu suala da cavab verib. Onun sözlərinə görə, hazırkı həyat tərzi, yüksək kalorili qidalar, oturaq rejim, hormonal pozuntular və stress fonunda orqanizmin metabolizmi zəifləyir. Bir çox insan pəhrizə başlayır, lakin davam gətirə bilmir, nəticədə çəkini stabil saxlamaq mümkünsüz olur. Bu səbəbdən cərrahi müdaxilə son çıxış yoluna çevrilir.
Mədə kiçiltmə əməliyyatı hər kəs üçün uyğun deyil. Psixoloji problemi olan şəxslər, ciddi ürək və ağciyər xəstəlikləri olanlar, alkoqol və narkotik asılılığı olanlar və əməliyyata dözümlülüyü olmayan pasiyentlər üçün bu müdaxilə risklidir.
Həkim-dietoloq Leyla Zülfüqarlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, vizyonu geniş olan, dünyanı çox gəzən, mütaliə edən insanlar mədəkiçiltmə əməliyyatına “yox” deyirlər: “Doğru qidalanmaq lazımdır ki, köklüyü yaradan səbəb aradan qalxsın. Bariatrik cərrahiyyədə mədəni mexaniki şəkildə balacalaşdırırlar. Lakin kökəlməni yaradan səbəblər olduğu kimi qalır. Məsələn, hormonal dəyişikliklər də kökəlmə verə bilər. Dünyagörüşlü insan bunu anlayır və bilir. Lakin təəssüf ki, bilməyən kateqoriya da kifayət qədər çoxdur. Onlar düşünür ki, əməliyyata girib çıxan kimi arıqlayacaqlar. Daha az əziyyətlə çox nəticə əldə etmək istəyirlər. Amma heç də həmişə nəticə gözlənilən kimi olur, bir çox hallarda əksini göstərir. İnsanı kökəldən səbəb aradan qaldırılmır, sadəcə mədə kiçildilir. Mədə elə bir orqandır ki, yenidən səhv həyat tərzi yaşayanda o, yekəlir və itirilən kilolar geri qayıdır. Dieta və müalicə ilə arıqlayanlar isə bu kiloları yenidən geri almırlar”.
Zülfüqarlı deyir ki, arıqlamaq istəyənlərin psixoloji durumları da vacib məqamlardan biridir: “Kökəlmədə psixosomatikanın da müəyyən təsiri var. Biz psixoloji pozuntuları araşdırdıqda onun arxasında fizioloji pozuntunun olduğunu görürürk. Məsələn, stress hormonları yüksək olan insanlar dopomin məmnuniyyətini ala bilmirlər və daim stressdə olur. Heç nədən məmnun qalmırlar. Belə olan halda onlar çox yeməyə meyillənirlər və bu da avtomatik kökəlmə yaradır. Mənim cavan bir xanım pasientim var. O, cərrahi yolla bədən şəkilləndirmə edib. Arxasını və süd vəzini böyütdürüb, belini incəldib və s. İndi isə deyir ki, dərisi boşdur və onun tamlığını bərpa etmək istəyir. Deyir, cərrahi yolla dəri gərməsi etdirib, lakin yenə də dərisi bərk deyil. Ona izah etdim ki, həyat tərzində ciddi səhvlərə yol verir. Təsəvvür edin ki, cərrah onun bədəninə yazığı gəlmədən növbəti əməliyyatı təklif edib. Xanımın hazırda bədənində stres hormonları yüksəkdir. Mən ona müalicə yazmışam, görürəm ki, dərmanlara pul verib almağa ərinir. Deyir, 50 manatlıq yox, 30 manatlıq dərman yaz. Deməli, cərrahi əməliyyata pul xərcləyir, lakin müalicəsinə əli gəlmir. Bütün bunların hamısı zehniyətlə bağlıdır. Əməliyyata gedənləri dindirin, hamısı belədir. Mən pasientlərlə psixoloq kimi danışıram, onların müalicəsinə dəstək oluram. Bir pasientimdə kortizola bağlı məmnuniyətsizlik var iid və kökəlməsi bununla əlaqədar idi. Müalicə yazdım, onlara əməl etdi. İndi tamamı ilə başqa adam olub. Mən pasientə dopomin məmnuniyyəti verən qidalar tövsiyyə etdim, terapiyalar etdim.
Cəmiyyətimiz ciddi şəkildə sınaq altındadır. Bu qədər süniləşmiş şəkildə əməliyyatlara qaçan xanımları araşdırsaq, hamısında psixosomatik vəziyyət müşahidə edəcəyik. Onlr düşünür ki, əməliyyat olunduqdan sonra qəşəng görünürlər. Lakin 1 ildən sonra onlar yenə həkim axtarışında olurlar. Halbuki arıqlamaq individual məsələdir. Hər kəsdə eyni olmur. Kökəlmənin özəl səbəbləri olur, onları bir-bir tapıb müalicə edirik, 4-5 istiqamətlə iş görürük və nəticə qalıcı olur".
Tibb üzrə elmlər doktoru, cərrah Adil Qeybulla qeyd edib ki, mədəkiçiltmə əməliyyatı qan azlığına gətirib çıxarır: “Artıq çəkinin qarşısını almaq üçün mədənin həcminin kiçildilməsi bir ideya olaraq ortaya atılıb. Bunun üçün müxtəlif üsullar var. Sağlam olmayan insanların bu əməliyyatı etdirməsi məqsədəuyğun deyil”.


