Gecələr işıqlar yanıb yatmaq ürək-damar tənzimlənməsini pozur və metabolik pozğunluqlar riskini artırır.
HİT.az xəbər verir ki, kardioloq Ehimen Aneni (YaleNyu Haven Xəstəxanası) bunu "Huffington Post"a verdiyi müsahibədə deyib.
Mütəxəssisin sözlərinə görə, hətta gecə zəif süni işıq belə simpatik sinir sistemini aktivləşdirə bilər. Bu, ürək döyüntüsünün artmasına və ürək xəstəliyi riski ilə əlaqəli bir parametr olan ürək döyüntüsünün dəyişkənliyinin azalmasına səbəb olur.
"JAMA Network Open" jurnalında dərc olunmuş bir araşdırmada işığın gecə qlükoza dalğalanmalarını artırdığı və insulinə həssaslığı azaltdığı aşkar edilib. Bu, 2-ci tip diabet və digər metabolik pozğunluqların inkişaf riskini artıra bilər", deyə həkim qeyd edir.
Ekspert əlavə edib ki, süni işıq ürək çatışmazlığı, koronar ürək xəstəliyi, qulaqcıqların fibrillyasiyası, miokard infarktı və insult da daxil olmaqla bir sıra ürək-damar xəstəliklərinin inkişaf riskini artırır.
Həkim həmçinin qeyd edib ki, qadınlar işıqlandırma ilə əlaqəli sirkadian ritm pozuntularına kişilərə nisbətən daha həssasdırlar. Onun sözlərinə görə, gecə növbələrində işləyən qadınlarda ürək çatışmazlığı halları kişilərə nisbətən daha yüksəkdir.
Kardioloq vurğulayıb ki, insan bədəni təkamül yolu ilə qaranlıqda yatmaq üçün yaradılıb və süni işıq sirkadian ritmləri pozur və tənzimləyici sistemlərin tam bərpasına mane olur. Aneni yataq otağındakı bütün işıq mənbələrini aradan qaldırmağı, qalın pərdələrdən istifadə etməyi və işıqlı cihazları söndürməyi tövsiyə edir.
Samir


