Hansı daha faydalıdır: Sürətli, yoxsa asta yerimək?

SAĞLAMLIQ
22:34 / 24.11.2025
29

Getdikcə daha çox sübut ortaya çıxır ki, temponun seçimi ürək sağlamlığı və qocalma prosesinə əhəmiyyətli təsir göstərir.

Hit.az-ın məlumatına görə, bir çox tədqiqatlar artıq təsdiqləyib ki, sağlamlıq üçün gündə 10000 addım atmaq mütləq deyil. Əslində isə 8000 addımdan sonra gəzintinin faydası adətən azalır.

Lakin son vaxtlar araşdırmaçılar başqa sualla maraqlanmağa başlayıblar: görəsən, hər addım eyni dəyərə malikdirmi, yoxsa dəqiqədə 100-dən çox addım sürəti və ya saatda təxminən 5-6 kilometr sürətlə yerimək sağlamlığa daha çox fayda gətirə bilərmi?

"Independent" yazır ki, temponun həqiqətən vacib olduğunu göstərən sübutlar artır. Belə ki, gündəlik 14 dəqiqəlik adi gəzintini 7 dəqiqəlik sürətli gəzinti ilə əvəzləmək ürək-damar xəstəlikləri riskini 14 faiz azalda bilər.

Britaniyada 450 min nəfərdən çox yetkinin məlumatlarının analizi göstərib ki, orta yaş dövrünə qədər ömürboyu sürətli gəzinti bioloji yaşı yavaş gəzinti ilə müqayisədə 16 ilədək azalda bilər.

Digər bir araşdırma sübut edib ki, sürətli gəzintiyə başlamaq üçün heç vaxt gec deyil. Modelə əsasən, fiziki cəhətdən qeyri-aktiv 60 yaşlı kişi və ya qadın gündəlik rejiminə 10 dəqiqəlik sürətli gəzinti əlavə etməklə ömrünü təxminən bir il uzada bilər.

Həmçinin müəyyən olunub ki, gəzinti sürəti ürək-damar xəstəliklərindən ölüm riskinə qan təzyiqi, xolesterin səviyyəsi, qidalanma, piylənmə və ümumi fiziki aktivlik də daxil olmaqla bir çox həyat tərzi göstəricilərindən daha güclü təsir göstərir.

Lakin sürətli gəzinti bütün hallarda əlavə üstünlük verməyə bilər. Son araşdırma göstərib ki, ümumi gəzinti 13 müxtəlif xərçəng növü riskini azaltsa da, sürətli gəzinti bunun üzərinə əlavə fayda gətirmir. Digər tərəfdən, uzun müddət oturmağın ara-sıra yüngül gəzinti ilə bölünməsi metabolizmə əhəmiyyətli təsir göstərir.

Gəzintinin həm də fiziki sağlamlıqdan kənar saysız faydaları var. Tədqiqatlara görə, o, beyin aktivliyini artıraraq yaradıcı fikirlərin sayını ikiqat artıra bilər. Yaddaş və təsəvvürü idarə edən beyin sistemləri məhz bədənin hərəkətdə olduğu vaxtlar aktivləşir.

Samir

0