Beş qan göstəricisi erkən ölüm riskini artıra bilər

SAĞLAMLIQ
11:21 / 26.11.2025
19

İngiltərənin Surrey Universitetinin alimləri müəyyən ediblər ki, qan zülallarının – PLAUR, SERPINA3, CRIM1, DDR1 və LTBP2 – səviyyəsinin artması gizli erkən ölüm riskinə işarə edə bilər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “PLOS One” jurnalında dərc olunub.

Alimlər Britaniya biobankı tərəfindən təqdim edilmiş 38 mindən çox iştirakçıya dair tibbi məlumatları təhlil ediblər. Məlum olub ki, bu beş molekulun qanda yüksək konsentrasiyası növbəti beş və on il ərzində ölüm hallarından əvvəl müşahidə olunurdu. Sözügedən zülallar hüceyrə miqrasiyası, iltihab, yara sağalması, immun cavab, toxumaların struktur dəstəyi və bəzi patoloji proseslərdə iştirak edir.

Bundan əlavə, tədqiqatçılar siqaret çəkmə, yaş və xroniki xəstəliklər nəzərə alındıqdan sonra belə ölüm riskinin artması ilə əlaqəli yüzlərlə digər zülal da aşkar ediblər. Ən güclü əlaqə iltihab, hüceyrə böyüməsi və hüceyrələrarası kommunikasiya ilə bağlı molekullarda müşahidə olunub. Məsələn, ağciyərlərdə iltihabi prosesləri tənzimləyən SERPINA1-in yüksək səviyyəsi beşillik riskin ən dəqiq göstəricilərindən biri sayılıb.

Müəlliflər vurğulayırlar ki, bu məlumatlar gələcəkdə “zülal əsaslı risk profili” yaratmağa imkan verə bilər. Belə profil ağır xəstəliklərin inkişaf ehtimalı yüksək olan insanların əvvəlcədən müəyyən edilməsini və vaxtında profilaktik tədbirlərin görülməsini mümkün edəcək, bununla da səhiyyə sisteminə düşən yük azalacaq.

Samir
 

0