İnsan beyni ömür boyu bir neçə dəqiq şəkildə müəyyən olunan mərhələdən keçir və əsas dönüş nöqtələri 9, 32, 66 və 83 yaşlarında baş verir.
HİT.az xəbər verir ki, bu qənaətə Kembric Universitetinin alimləri gəlib.
Tədqiqat müəllifləri ümid edirlər ki, bu məlumatlar insanların yaş artdıqca niyə psixi pozuntulara və demensiyaya müxtəlif dərəcədə meylli olduğunu daha yaxşı başa düşməyə kömək edəcək.
Tədqiqatçılar müəyyən ediblər ki, beyin təxminən 30 yaşa qədər gənclik fazasında qalır - məhz bu yaş insan orqanizminin ən yüksək inkişaf dövrü sayılır.
Yeni biliklər və təcrübə əldə etdikcə beyin daim dəyişir, lakin araşdırma göstərib ki, bu proses ömür boyu davam edən yumuşaq, fasiləsiz dəyişmə deyil.
Bu proses beynin 5 fəaliyyət mərhələsinə bölünür:
Uşaqlıq — doğuşdan 9 yaşadək;
Gənclik dövrü — 9 yaşdan 32 yaşadək;
Yetkinlik — 32 yaşdan 66 yaşadək;
Erkən qocalma — 66 yaşdan 83 yaşadək;
Gec qocalma — 83 yaşdan sonra.
Araşdırmanın müəlliflərindən biri, doktor Aleksa Mousli bildirib:
"Beyin ömür boyu yenidən tənzimlənir. O, bəzi neyron əlaqələrini gücləndirir, digərlərini isə zəiflədir və bu proses sabit və düz xətt şəklində baş vermir — eniş-yoxuşlar və yenidənqurma fazaları var".
İlk mərhələdə (uşaqlıq dövründə) beyin sürətlə böyüyür, lakin bununla yanaşı həyatın ilk illərində həddindən artıq sayda formalaşmış sinapsları — yəni sinir hüceyrələri arasındakı əlaqələri — “seyrəldir”.
Bu mərhələdə beynin fəaliyyəti parkda gəzişən və istədiyi istiqamətə gedən bir uşağın davranışlarına bənzəyir.
Lakin təxminən 9 yaşdan etibarən hər şey kəskin dəyişir: beynin əlaqələri maksimum səmərəlilik üçün yenidən qurulmağa başlayır. Mouslinin sözlərinə görə, bu, insan həyatının ən böyük dönüş nöqtəsidir. Məhz bu dövrdə psixi pozuntuların yaranma riski ən yüksək olur.
Gənclik fazasının məhz yeniyetməliklə başlayan hormonal dəyişikliklərlə üst-üstə düşməsi təəccüblü deyil. Təəccüblü olan isə bu fazanın əvvəllər düşünüləndən xeyli gec — 32 yaşda tamamlanmasıdır.
“Gəncliyin yalnız yeniyetməliklə məhdud olduğu sanılırdı, sonra neyrobiologiya bunun 20 yaşlardan sonra da davam etdiyini göstərdi, indi isə məlum olub ki, bu dövr 32 yaşa qədər uzanır”, deyə nəşr yazıb.
Mousli qeyd edib ki, beynin fəaliyyət göstəriciləri 30 yaşdan sonrakı ilk illərdə — yəni 9–32 yaş arası dövrün sonunda — ən yüksək həddə çatır. Alimə görə, beynin bu qədər uzun müddət eyni inkişaf mərhələsində qalması olduqca maraqlıdır.
Sonra stabil dövr — yetkinlik başlayır və bu, beynin ən uzunmüddətli mərhələsidir. Bu vaxt dəyişikliklər gənclik dövrünə nisbətən daha ləng şəkildə baş verir. Alimlərə görə, bu mərhələdə insan intellekt və şəxsiyyət baxımından müəyyən bir “plato”ya çatır.
Erkən qocalma mərhələsi təxminən 66 yaşdan başlayır, lakin bu, beynin işinin kəskin şəkildə pisləşməsi demək deyil. Sadəcə beyin tədricən vahid koordinasiyalı sistem kimi fəaliyyət göstərmək əvəzinə, daha çox ayrı-ayrı, lakin bir-biri ilə sıx əlaqədə olan sahələrə bölünür.
Bu yaşda demensiyanın ilkin əlamətləri və yüksək qan təzyiqi daha çox görünməyə başlayır ki, bunlar da beynin vəziyyətinə təsir edir.
83 yaşdan sonra isə insan “gec qocalma” adlanan son mərhələyə daxil olur. Bu fazada beynin dəyişiklikləri erkən qocalma mərhələsinə bənzəyir, lakin daha güclü şəkildə özünü göstərir.
Samir


