Xüsusən yaş artdıqca, insanın necə yeridiyi onun sağlamlığı barədə mühüm məlumat verə bilər. Mütəxəssislər ev şəraitində sadə testlərlə belə problemlərin ilkin əlamətlərini müəyyən etməyi məsləhət görür.
Hit.az xəbər verir ki, bu barədə “Parade” yazır.
Məqalədə bildirilir ki, adi bir hərəkət – yerimə tərzi – sinir, dayaq-hərəkət və ya ürək-damar sistemi ilə bağlı potensial pozuntuların göstəricisi ola bilər.
“Yeriş ümumi sağlamlıq vəziyyətinin mühüm göstəricisidir. O, təhlükəsizlik hissi, güc, tarazlıq, enerji, psixi rifah və hətta ölüm riski barədə çox dəyərli məlumat verir”, deyə güc hazırlığı üzrə mütəxəssis Çoyi Masri bildirib.
2011-ci ildə “Studenski et al" tərəfindən aparılmış məşhur araşdırmaya əsasən, yaşlı insanlarda daha sürətli yerimə tempi daha yaxşı yaşam göstəriciləri ilə əlaqələndirilib.
Həkimlərin sözlərinə görə, insanın yeriməsi zamanı sürət, ritm və hərəkətlərin xarakterini müşahidə etmək potensial problemlərin erkən mərhələdə aşkarlanmasına kömək edir. Həkim Maykl Ovens qeyd edib: “Yeriş yalnız ayaqların hərəkəti deyil. Bu, oynaqların, əzələlərin, sinirlərin və tarazlıq sisteminin iştirak etdiyi bütöv bir prosesdir”.
Mütəxəssislər bildirirlər ki, yerimə zamanı sürət, ritm, dizlərin qalxma hündürlüyü, qolların hərəkəti və hətta bazu-qalça hərəkəti sağlam xodanın əsas elementləridir. “Əslində bu, başdan ayağa qədər bütöv bir "rəqs"dir”, deyə sertifikatlı ortoped Mikel Daniels izah edib.
Dərin analiz zamanı yalnız vizual müşahidə deyil, həm də kompüter ölçmələri aparılır: tarazlıq, addım uzunluğu, addımlar arasındakı intervallar və hər iki ayağın simmetriyası qiymətləndirilir. Şəkərli diabeti olan şəxslərdə isə həkimlər xoraların yaranmasına səbəb ola biləcək təzyiq nöqtələrini yoxlayırlar.
Fizioterapiya mərkəzinin direktoru Ceyms Qamrat vurğulayıb ki, mütəxəssislər hər addım zamanı gövdə və ombanın hərəkətinə də diqqətlə baxırlar.
Məqalədə qeyd olunur ki, xodadakı pozuntuların erkən tanınması vacibdir, çünki bu, müalicə tələb edən xəstəliyin ilkin əlaməti ola bilər. Bu hallar oynaqların hərəkətliliyindəki problemlər, tarazlıq pozuntuları və ya nevroloji dəyişikliklərlə bağlı ola bilər.
Bildirilib ki, yerimədə hiss edilən dəyişikliklər — sürünmə tipli yerimə, axsaqlıq, ayaqların sürüklənməsi, həddindən artıq geniş addımlama və ya qolların hərəkət amplitudasının azalması — bədənin kompensasiya etməyə çalışdığı pozuntuların göstəricisidir.
“Hərəkətin yırğalanması və ya qeyri-sabit xoda təkcə ayaqların problemi deyil; bəzi insanlar üçün bu, yıxılma riski, funksional zəifləmə və hətta idrak dəyişiklikləri barədə xəbərdarlıq siqnalı ola bilər”, deyə Daniels əlavə edib.
Mütəxəssislər xatırladır ki, erkən diaqnostika və vaxtında tədbirlər problemin irəliləməsinin qarşısını ala bilər. Ovens qeyd edib ki, bəzi hallarda xüsusi məşqlər və ya ortopedik içliklər vəziyyəti yaxşılaşdıra bilər. Onun sözlərinə görə, ayaqlar “bütün kinetik zəncirin əsasıdır”, buna görə də bəzən əlavə qayğıya ehtiyac duyurlar.
Yerişinizi özünüz necə yoxlaya bilərsiniz?
Ovens iki sadə test təklif edir:
1.Yerdə dayanaraq yerimə
Bu hərəkət güzgü qarşısında aparılmalıdır. Əgər bədən simmetrik görünürsə, deməli xoda normaldır. Lakin çiyin və ya ombanın yanlara daha çox açılması və ya aşağı enməsi normadan kənar sayılır.
2.İrəli addımlama
Telefon kamerası ilə yeriyərkən özünüzü çəkin. Ayaqlar yerə bərabər enməli, topuqdan barmağa doğru keçid ritmik və simmetrik olmalıdır. Mütəxəssislər bildirirlər ki, ayaqqabılardan birinin digərinədək daha tez aşınması da həkimə müraciət üçün səbəbdir.
Həmçinin, özünüzdə və ya yaxınlarınızda yerişində qəfil dəyişikliklər müşahidə olunarsa, bu ciddi siqnal ola bilər. Masrinin sözlərinə görə, tez-tez büdrəmə və ya tarazlığın pozulması insult, neyropatiya kimi nevroloji səbəblərdən qaynaqlana bilər. Geniş, “sərxoşvari” xoda isə alkoqol və ya narkotik təsiri, dərman toksikliyi və ya tarazlıq pozuntusuna işarə edə bilər.
Məqalədə vurğulanır ki, yerişin dəyişməsinə səbəb ola biləcək bütün faktorlar bunlarla məhdudlaşmır. Hər hansı dəyişiklik hiss edilərsə, mütləq həkimə müraciət edilməlidir.
Samir


