Sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək uşaqlarda konsentrasiya qabiliyyətinin tədricən zəifləməsinə səbəb ola bilər. İsveçdəki Karolinska İnstitutunun tədqiqatçıları belə qənaətə gəliblər.
HİT.az xəbər verir ki, araşdırma “Pediatrics Open Science” (POS) jurnalında dərc edilib.
Son on beş ildə rəqəmsal qurğulardan istifadə kəskin şəkildə artıb və bununla paralel olaraq müxtəlif ölkələrdə DEHB (diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu) diaqnozlarının sayı da yüksəlib. Alimlər bu artımın media-vərdişlərindəki dəyişikliklərlə əlaqəli olub-olmadığını yoxlamağa çalışıblar.
Tədqiqat 9–10 yaşdan 14 yaşadək olan 8 mindən çox uşağa dair məlumatları əhatə edib. Uşaqlar hər il sosial şəbəkələrdə, videolara və televizora baxmağa və ya kompüter oyunlarına nə qədər vaxt ayırdıqlarını bildiriblər. Bu müddətdə valideynlər onların diqqətsizlik və impulsivlik səviyyələrini qiymətləndiriblər.
Tədqiqatçılar müəyyən ediblər ki, sosial şəbəkələrdə çox vaxt keçirən uşaqlar zamanla diqqətsizlik əlamətlərinin artdığını nümayiş etdiriblər. Bununla belə, diqqətin azalması ilə kompüter oyunları və ya televiziya izləmək arasında heç bir əlaqə aşkar edilməyib.
Karolinska İnstitutunun koqnitiv neyrobiologiya üzrə professoru Tokel Klinberq bunu belə izah edir: “Sosial şəbəkələr daim yayındırıcı stimullar axını yaradır — bildirişlər, mesajlar, reaksiyanı gözləmək. Hətta yeni cavabın gələ biləcəyi fikri belə diqqət fokusunu pozur".
Müəlliflər vurğulayırlar ki, nəticələr sosial şəbəkələrdən istifadə edən hər bir uşağın mütləq problemlə qarşılaşacağı anlamına gəlmir. Lakin yaş məhdudiyyətləri və platformaların dizaynı haqqında müzakirə aparmaq üçün əsas var. Araşdırmada qeyd edilir ki, sosial şəbəkələrdə istifadə müddəti 9 yaşlı uşaqlarda gündə 30 dəqiqədən 13 yaşlılarda 2,5 saata qədər yüksəlib — rəsmi yaş həddi 13 olsa da.
Tədqiqatın aparıcı müəllifi, araşdırmaçı Samson Nivins deyir: "Biz ümid edirik ki, nəticələr valideynlərə uşaqların böyüdüyü rəqəmsal mühiti daha düşünülmüş şəkildə tənzimləməkdə kömək edəcək".
Samir


