Ağır depressiyanın gözlənilməz səbəbi aşkarlandı

SAĞLAMLIQ
09:24 / 09.12.2025
33

Atipik simptomlar və psixotik epizodlarla müşayiət olunan ağır depressiya, immunitet sisteminin fəaliyyəti ilə sinir toxumasının inkişafını birləşdirən sistemik pozuntu ilə əlaqəli ola bilər.

HİT.az xəbər verir ki, bu qənaətə Cənubi Koreya alimləri gəlib. Araşdırma “Advanced Science” jurnalında dərc edilib.

Depressiv pozuntu bu gün ən geniş yayılmış və ən ağır psixi vəziyyətlərdən biri olaraq qalır. Diaqnoz həkim müşahidələri və xəstənin şikayətləri əsasında qoyulur — obyektiv biotestlər hələ də mövcud deyil. Xüsusilə psixotik simptomlarla müşayiət olunan atipik depressiyanın diaqnostikası və müalicəsi çətindir: xəstələr hallüsinasiyalar və ya sayıqlama epizodları ilə üzləşirlər. Bu forma standart antidepressantlara zəif reaksiya göstərir və özünə zərərvermə riskini artırır.

Alimlər bu pozuntunun bioloji izlərini müəyyən etməyə çalışıblar. Tədqiqatda ağır atipik depressiya diaqnozu qoyulmuş gənc qadınlar və sağlam nəzarət qrupu iştirak edib. Hələ standart analizlər səviyyəsində belə tədqiqatçılar leykositlərin artdığını — iltihabın qeyri-spesifik göstəricisini aşkar ediblər. Daha dərin plazma proteom analizi isə qan dövranında sinir toxumasına məxsus zülalların mövcudluğunu üzə çıxarıb ki, bu da son dərəcə qeyri-adi haldır.

Aşkar edilən zülallar arasında neyron əlaqələrinin formalaşmasında iştirak edən DCLK3 və dopamin ötürülməsinə təsir edən CALY xüsusi qeyd olunur. Onların qanda olması ya beyin–qan baryerində pozuntuya, ya da eyni vaxtda neyronları və immuniteti əhatə edən sistem səviyyəli nasazlığa işarə edə bilər. Eyni zamanda pasiyentlərdə iltihabi reaksiyanın əsas tənzimləyicilərindən olan komplement komponenti C5-in də səviyyəsinin yüksəldiyi məlum olub. Bu məlumatlar hiperaktiv immunitetin ağır psixi pozuntuların inkişafında mərkəzi rol oynadığı barədə hipotezi dəstəkləyir.

Bu sistem dəyişikliklərinin beyin fəaliyyətinə necə təsir etdiyini anlamaq üçün alimlər bir addım da irəli gedərək, kiçik beyin analoqları — orqanoidlər yaradıblar. Bunun üçün pasiyentlərin qan hüceyrələri yenidən proqramlaşdırılaraq kök hüceyrələrə çevrilib və sinir toxuması istiqamətində inkişaf etdirilib. Artıq ilkin mərhələlərdə görünürdü ki, pasiyentlərdən alınan orqanoidlər daha yavaş böyüyür və daha kiçik qalır. Süni stress hormonuna məruz qaldıqda isə bu strukturlar sağlam nəzarət qrupunun orqanoidlərinə nisbətən daha zəif reaksiya göstərib — hüceyrə ölümü ilə bağlı genlər aktivləşib və neyronların normal yetişmə prosesləri pozulub.

Alimlərin fikrincə, nəticələr depressiyanın obyektiv biomarkerlərini yaratmaq üçün ümidvericidir. Gələcəkdə qanda DCLK3, CALY və C5 zülallarının aşkarlanması diaqnostik testlərin əsasını təşkil edə bilər ki, bu da həm diaqnozun daha dəqiq qoyulmasına, həm də müalicənin pasiyentin immunoloji xüsusiyyətlərinə uyğunlaşdırılmasına imkan verəcək.

Samir

0