Beynəlxalq tədqiqatçılar qrupu insulinə davamlılıq və II tip şəkərli diabetlə mübarizədə gözlənilməz bir müttəfiq aşkar edib — mikrob mənşəli metabolit trimetilamin (TMA). Bu molekul vacib immun yolunu bloklaya bilir və qanda şəkər səviyyəsinə nəzarəti yaxşılaşdırır.
HİT.az xəbər verir ki, araşdırma “Nature Metabolism” (NatMet) jurnalında dərc olunub.
Bu iş təxminən iyirmi il əvvəl başlamış müşahidələrin davamıdır. 2000-ci illərin ortalarında alimlər müəyyən etmişdilər ki, yüksək yağlı qida rasionu bakterial komponentlərin qana keçməsinə səbəb olur və onlar immun sistemini aktivləşdirir. Belə reaksiya orqanizmdə iltihabı artırır və hüceyrələrdə qlükozanın paylanmasına cavabdeh olan insulin hormonunun fəaliyyətini pozur. O dövrdə bu əlaqə şübhəli görünürdü, lakin hazırda diabetin inkişaf mexanizmlərinin əsas həlqələrindən biri hesab edilir.
Yeni araşdırmada Lyuven Universiteti və London “Imperial College” alimləri bu prosesə necə qarşı çıxmağın yollarını müəyyənləşdiriblər. Komanda aşkar edib ki, TMA immun cavabın mühüm elementi olan IRAK4 zülalının təbii inhibitoru kimi fəaliyyət göstərir.
Adətən yağların artıqlığı zamanı bu zülal siqnal verərək iltihabı gücləndirir və toxumaların insulinə həssaslığını tənzimləyən yolu pozur. Lakin TMA, IRAK4-ə bağlanaraq onun aktivliyini bloklaya bilir. Hüceyrə və siçan üzərində aparılan təcrübələrdə bu təsir iltihabı azaldıb, insulinə reaksiyanı bərpa edib və hətta həddindən artıq immun reaksiyasını cilovlayaraq heyvanları ölümcül sepsisdən qoruyub.
Tədqiqatçılar mexanizmi təsdiqləmək üçün heyvanlarda IRAK4 genini silib və yaxud onu dərman vasitəsilə susdurublar — hər iki halda TMA-nın qoruyucu təsiri yenidən müşahidə edilib.
Alimlər bildirirlər: "IRAK4 inhibitorları artıq farmakologiyada fəal şəkildə öyrənilir. Bu isə hədəfi xüsusilə perspektivli edir".
Müəlliflər xatırladır ki, dünyada 500 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir. TMA-nın immuniteti modulyasiya edən siqnal kimi kəşfi yeni müalicə strategiyalarının yaranmasına səbəb ola bilər. Gələcəkdə bağırsaqda TMA-nın yaranmasını artıran dietoloji yanaşmalar və ya dərmanlar insulinə davamlılığın qarşısının alınması və korreksiyası üçün perspektivli üsula çevrilə bilər.
Samir


