Havaların soyuyandan, yağış yağanda revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır.
Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür.
“Dizim ağrıyır, yağış yağacaq” kimi ifadələrin şahidi oluruq. Hətta bu ifadələr məşhur filmlərdə də qeyd edilib.
Həqiqətən revmatizmli xəstələr yağışın yağacağını əvvəlcədən hiss edə bilirlərmi?
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, revmatizmli xəstələrdə meteohəssaslıq normal insanlara görə daha yüksək olur:
“Həqiqi revmatoloji xəstələr havanın rütubətinin və temperaturunun dəyişməsini əvvəlcədən hiss edə bilər. Amma bununla yanaşı, revmatizmlə bağlı xəstəliyi olmayan meteohəssas insanlar var ki, rütubətin dəyişməsini 5-6 saat əvvəldən hiss edirlər. Bu, həmin insanın mütləq revmatizminin olduğunu göstərmir. Hər bir halda xəstənin sümük, oynaq şikayəti varsa, yağış yağmazdan öncə hiss edirsə, revmotoloqa müraciət etməlidir. Üstəlik, klinikada icbari sığorta ilə revmatoloji müayinələr pulsuzdur”.
Sevinc


