Enerji deyil, ölüm saçır: Gündə 8 banka enerji içkisi içən kişi ürək tutması keçirdi

SAĞLAMLIQ
09:36 / 11.12.2025
32

İngiltərədə gündə səkkiz banka enerji içkisi istehlak edən, daha əvvəl sağlam və formada olduğu bildirilən 50 yaşlı bir kişi ürək tutması keçirib. 

HİT.az xəbər verir ki, hadisədən sonra həkimlər xüsusilə gənclər arasında sürətlə artan enerji içkisi istehlakına və bu içkilərin sağlamlığa təsirlərinə dair ciddi xəbərdarlıqlar edib. Xəstə, enerji içkilərinin ona necə zərər verdiyinin fərqində olmadığını deyib.

Hadisə zamanı xəstənin sol tərəfi qəfildən uyuşub, yeriş, danışıq və udma problemləri yaranıb. Bu əlamətlər insultun klassik göstəriciləridir. Beynin hərəkət və hissiyyata cavabdeh olan talamus bölgəsində anevrizma aşkarlanıb.

Ümumi sağlam görünməsinə baxmayaraq xəstənin qan təzyiqi 254/150 mm civə sütunu olub — bu, son dərəcə təhlükəli səviyyə hesab edilir.

Həkimlər ilkin olaraq təzyiqi salmaq üçün dərman versələr də, xəstə evinə qayıtdıqdan sonra dəyərlər yenidən yüksəlib və doza artırılmasına baxmayaraq yüksək olaraq qalıb.

Xəstə gündə orta hesabla səkkiz banka enerji içkisi içdiyini bildirib. Hər banka təxminən 160 milliqram kafein ehtiva etdiyi üçün gündəlik qəbul 1.280 milliqrama çatıb — bu da tövsiyə edilən maksimum səviyyə olan 400 milliqramın üç dəfəsindən çoxdur.

Həkimlər xəstədən enerji içkilərini dərhal dayandırmasını istəyib. Nəticədə təzyiqi normallaşıb və artıq dərman istifadəsinə ehtiyac qalmayıb. Lakin “BMJ Case Reports” jurnalında dərc olunan məlumata görə, sol tərəfdəki hissiyyat tam olaraq bərpa olunmayıb.

Xəstə belə deyib: “Enerji içkilərinin mənə vurduğu ziyanın fərqində deyildim. Üstündən səkkiz il keçməsinə baxmayaraq sol tərəfimdə, əlimdə, barmaqlarımda və ayağımda hələ də uyuşma var.”

Nottingham University Hospitals NHS Trust-da çalışan Marta Koyl və Sunil Munşi enerji içkilərinin mümkün ürək–damar riskləri barədə cəmiyyətin daha çox məlumatlandırılmasını vacib saydıqlarını bildiriblər. Onlar xüsusilə insult riski aşağı hesab edilən gənclər arasında istehlakın artmasının təhlükəli olduğuna diqqət çəkiblər.

Həkimlər həm kəskin, həm də uzunmüddətli enerji içkisi istifadəsinin ürək–damar xəstəlikləri və insult riskini artırmasının mümkün olduğunu, ən vacib məqamın isə bu risklərin bəzən geri dönə biləcəyini bildiriblər. Bununla yanaşı, mövcud sübutların hələ tam qəti olmadığını da vurğulayıblar.

Tədqiqatçılar enerji içkiləri ilə bağlı riskləri dəqiq müəyyənləşdirmək üçün daha geniş məlumatlara ehtiyac olduğunu bildirir və həkimlərin “izah olunmayan yüksək təzyiqi olan hər xəstədə enerji içkisi istifadəsini mütləq sorğulamalı” olduğunu qeyd edirlər.

Samir

0