Qrip, COVID və soyuqdəymə evinizə gəlməyəcək: İnfeksiyalarla mübarizə aparan super güc..

SAĞLAMLIQ
14:48 / 11.12.2025
50

Qış fəslində artan qrip, öskürək  və soyuqdəymə hallarına qarşı düzgün qidalanma ilə immuniteti güclü saxlamaq mümkündür. Mütəxəssislər bildirirlər ki, mövsümə uyğun tərəvəz və meyvələr infeksiyalara qarşı təbii qoruyucu rol oynaya bilər.

HİT.az xəbər verir ki, qidalanma və diyeta üzrə mütəxəssis Hande Güngörün sözlərinə görə, havaların soyuması və gün işığının azalması ilə immunitet sistemi daha da önəm qazanır: "Bu dövrdə xəstəliklərə yoluxmamaq üçün güclü immunitetə sahib olmaq lazımdır. Bunun üçün mövsümə uyğun, balanslı qidalanma əsas şərtdir".

Güngör qış aylarında iştahın artması, yağlı və şəkərli qidalara meylin yüksəlməsi səbəbindən çəki artımının daha tez baş verdiyini deyib: "Bu, nəticədə piylənməni artırır. Sağlam həyat üçün ideal çəkinin qorunması önəmlidir".

Onun sözlərinə görə, soyuq hava səbəbilə bədən istiliyini qorumaq üçün kifayət qədər maye qəbul edilməlidir. Gündə 2–2,5 litr su içilməli, ıhlamur, adaçayı, itburnu çayı və açıq çay kimi içkilər də maye ehtiyacının qarşılanmasında seçim ola bilər.

Mütəxəssis qış infeksiyalarına qarşı A, C, D və E vitamini ilə zəngin tərəvəz və meyvələrin güclü təsiri olduğunu bildirib: "Gündə ən az 2 porsiya meyvə və 3 porsiya tərəvəz tövsiyə olunur. Kök, brokoli, balqabaq, kələm, gül kələm, sarımsaq, cəfəri kimi tərəvəzlərin, portağal, naringi və alma kimi meyvələrin istehlakı bu aylarda xüsusilə faydalıdır".

E vitamini mənbəyi olan quru paxlalılar və çərəzlər də gündəlik qidalanmada mütləq yer almalıdır. Həftədə 2–3 dəfə noxud, mərci, lobya və barbunya kimi quru paxlalılar; gündə 20–30 qram qoz, badam və fındıq tövsiyə olunur.

D vitamini əsasən günəş işığından əldə edildiyi üçün qış aylarında çatışmazlıq daha çox müşahidə olunur. Güngör deyib: "D vitamini qidadan tam qarşılanmır, lakin balıq həm D vitamini, həm də beyin inkişafı üçün vacib omega-3 yağ turşuları, kalsium, fosfor, selen, yod və E vitamini ilə zəngindir. Buna görə qış aylarında həftədə 2–3 dəfə balıq yeyilməlidir".

Mütəxəssis qış aylarında yağlı qidaların həddən artıq qəbulundan çəkinməyi, margarin, kərə yağı, yağlı ətlər və yüksək xolesterinli orqan ətlərinin tez-tez istehlak edilməməsini bildirib. Sağlam yağ turşuları üçün zeytun yağı, yağlı toxumlar və çərəzlər seçilməlidir.

Qışda sadə şəkər tərkibli qidalara meyl artır. Ümumdünya Səhiyyə Təşkilatı gündəlik şəkər qəbulunun ümumi enerji miqdarının 10 faizini keçməməsini tövsiyə edir. Sadə şəkərlər əvəzinə tam taxıllar, bulqur, quru paxlalılar, meyvələr və evdə hazırlanan az şəkərli süd və meyvə tərkibli desertlər seçilməlidir.

Güngör əlavə edib ki, qış aylarında evdə sağlam üsullarla hazırlanan ənənəvi qidaların istehsalı artır: "Bu cür ev yeməkləri qoruyucu və əlavə maddələrdən uzaq, daha təbii olur. Bu həm yerli istehsala, həm də sağlam qidalanmaya töhfə verir".

Onun sözlərinə görə, uşaqlar hazır və qablaşdırılmış qidalar əvəzinə evdə hazırlanan sağlam yeməklərə yönləndirilməlidir. Mövsümündə bol olan məhsulların təbii yollarla qorunaraq müxtəlif yeməklərə çevrilməsi həm mədəni irsin qorunmasına, həm də sağlam həyat tərzinə müsbət təsir göstərir.

Samir

0