Elə insanlar var ki, sonsuzdurlar və ailə həyatı qururlar, uşaqları olmur. Onlara təklif olunur ki, süni mayalanma ilə uşaq dünyaya gətirsinlər.
Din bunu necə qarşılayır?
İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, ailənin övladının olmaması yaxud gec olması ilahi hikmətə bağlıdır. Düzdür, təbiblər bunu tibbi-bioloji problemlərlə əsaslandırırlar, lakin hər şeyin fiziki, maddi yönü olduğu kimi mənəvi, ilahi yönü də var:

"Əgər övlad olmursa təbii ki, tibbi vasitələrə baş vurulmalıdır. Süni mayalanma o zaman icazəlidir ki, qadın öz nikahlı ərinin vasitəsi ilə dölləndirilsin. Yox, başqa yad kişinin vasitəsi ilə icra edilərsə bu xətalıdır, uyğun görülmür. Nəsil artımı məsələsində gərək naqislik olmasın. Bu, sonra daha böyük problemlərə yol açar və ailə bu cür övlad sahibi olduğuna da peşman olar. Necə olursa olsun yetər ki, övlad sahibi olum deyə, halal-harama baxmadan bütün vasitələrdən istifadə etmək dində məqbul görülmür. Elə ailələr var ki, uzun illərdən sonra övlad sahibi olub. Süni mayalanma ümumiyyətlə dində bəyənilməyən əməllərdəndir. Əgər Allah insana hələ övlad vermirsə demək bunun bir səbəbi, batini hikməti var. Belə hallarda səbrli olmaq daha uyğundur. Lakin çarəsizlikdən yaxud ailənin dağılmaq qorxusundan naçar qalsalar, istisna hallarda, daha böyük fəsadın qarşısını almaq məqsədi ilə yol vermək mümkündür. Amma süni mayalanmanı ənənə halına salmaq, adi hal kimi qəbul etmək qətiyyən yolverilməzdir".
Sevinc


