Hər gün qəhvə içmək olar? - Diyetoloqlar açıqladı

SAĞLAMLIQ
17:50 / 16.12.2025
44

Qəhvəni hər gün içmək təkcə sizi oyatmaqla kifayətlənməyə, həm də sağlamlığınızı yaxşılaşdırmağa kömək edə bilər. Bununla belə, dietoloqlar bildirir ki, qəhvənin müəyyən məhdudiyyətləri və mənfi tərəfləri də mövcuddur.

Hit.az xəbər verir ki, “Parade” nəşri hər gün qəhvə içdikdə orqanizmdə hansı dəyişikliklərin baş verdiyini araşdırıb.

Antioksidantlarla zəngindir

Diyetoloq Hanna Anderson bildirib ki, qəhvə iltihabla mübarizə aparan və hüceyrələri zədələrdən qoruyan antioksidantlarla zəngindir.

“Bu, bəzi xroniki xəstəliklərin inkişaf riskini azalda bilər”, deyə o izah edib.

Gümrahlıq verir və diqqəti artırır

“Qəhvə adenozini bloklayaraq diqqəti və reaksiya vaxtını yaxşılaşdırır. Adenozin yorğunluq hissi yaradan neyromediatordur. Kofein isə ən çox ehtiyac duyulan anda daha aydın düşünməyə kömək edir”, dryə diyetoloq Bess Berger deyir.

Ürək sağlamlığını yaxşılaşdırır

Araşdırmalar göstərir ki, şəkər və digər əlavələrsiz gündə iki-üç fincan qəhvə ürək-damar sisteminin sağlamlığını dəstəkləyə bilər.

“Şəkər və yağ əlavə olunmayan qəhvə damarların funksiyasını yaxşılaşdıran və iltihabı azaldan antioksidantlar ehtiva edir”, deyə diyetoloq-kardioloq Mişel Rautenştayn izah edir.

İdman göstəricilərini artırır

Klivlend Klinikasının diyetoloqu Culya Zumpano qeyd edir ki, qəhvə fiziki performansı artıra, daha uzun və intensiv məşq etməyə kömək edə bilər. Tədqiqatlar kofeinin daha ağır çəkiləri qaldırmağa və sprint növlərində nəticələri yaxşılaşdırmağa imkan verdiyini göstərir.

Neyrodegenerativ xəstəliklər riskini azaldır

Qəhvə beynin uzunmüddətli fəaliyyətinə müsbət təsir göstərə bilər.

“Araşdırmalar göstərir ki, qəhvə sevən insanlarda Parkinson və Altsheymer kimi bəzi neyrodegenerativ xəstəliklərin riski daha aşağıdır. Bu, ehtimal ki, kofeinin beyin hüceyrələrinə qoruyucu təsiri ilə bağlıdır”, deyə Anderson bildirir.

Qan şəkərini tarazlamağa kömək edir

Məlumatlar göstərir ki, qəhvənin müntəzəm qəbulu ilə 2-ci tip diabet riskinin azalması arasında sıx əlaqə var. Berger bunun səbəbini qəhvədə olan antioksidantlar və polifenollarla izah edir. Zumpano isə xatırladır ki, qan şəkərinin normal səviyyədə qalması üçün ən yaxşı seçim qara qəhvə içmək və ya ən azı şəkərdən imtina etməkdir.

Qaraciyərə müsbət təsir edir

Anderson araşdırmalara istinad edərək bildirir ki, qəhvənin müntəzəm qəbulu qaraciyərin sağlamlığını qorumağa, sirroz və xərçəng kimi xəstəliklərin riskini azaltmağa kömək edə bilər. O əlavə edir ki, qəhvə qaraciyər xəstəlikləri riski yüksək olan insanlarda qaraciyər fermentlərinin səviyyəsini də azalda bilər.

Xərçəng riskini azalda bilər

Andersonun sözlərinə görə, qəhvə bəzi xərçəng növlərindən, xüsusilə yoğun bağırsaq və endometrium xərçəngindən qoruyucu təsir göstərə bilər. Bu effekt qəhvədəki antioksidantlar və digər bioloji aktiv maddələrlə əlaqələndirilir.

Əhval-ruhiyyəni yaxşılaşdırır

“Qəhvə içmək əhvalın yaxşılaşması və depressiya riskinin azalması ilə əlaqələndirilir. Bu, yəqin ki, kofeinin beyində dopamin ifrazını artırması ilə bağlıdır”, deyə Anderson bildirir.

Bağırsaq fəaliyyətini dəstəkləyir

Berger qeyd edir ki, qəhvə bağırsaq fəaliyyətini stimullaşdıraraq həzmin “müntəzəmliyini” yaxşılaşdıra bilər. Bu, qəbizliyin azalmasına kömək edir. Araşdırmalar həmçinin qəhvənin bağırsaqlarda faydalı bakteriyaların sayını artıra biləcəyini göstərir.

Əsəbilik yarada bilər

“Qəhvənin həddindən artıq qəbulu narahatlıq, əsəbilik və ürək döyüntüsünün sürətlənməsinə səbəb ola bilər. Bunun səbəbi kofeinin sinir sistemini stimullaşdırması və artıq stimullaşmanın gərginlik hissi yaratmasıdır”, deyə Anderson bildirir.

Yuxu problemlərinə səbəb ola bilər

“Kofeinin yarımparçalanma dövrü beş-altı saatdır. Buna görə də günün sonuna yaxın qəhvə içmək adenozini bloklayaraq yuxuya mane ola bilər. Yuxunun keyfiyyətini qorumaq üçün adətən saat 14:00-dan sonra qəhvədən uzaq durmaq tövsiyə olunur”, deyə Rautenştayn qeyd edir.

Asılılıq yarada bilər

“Qəhvənin hər gün içilməsi asılılığa da gətirib çıxara bilər. Bu zaman insan adi fincanını içmədikdə baş ağrısı və yorğunluq kimi çəkilmə əlamətləri hiss edir”, deyə Anderson qeyd edir.

Samir
 

0