Dünya miqyasında həyatı demək olar ki, dayandıran COVİD-19 pandemiyasından illər keçsə də, virusun kölgəsi tam aradan qalxmayıb.
HİT.az xəbər verir ki, aparılan son tədqiqatlar xəstəliyin hər il ciddi sayda amerikalını yatağa saldığını və ölümlərə səbəb olduğunu ortaya qoyur. Pandemiyanın ilk günlərindəki dağıdıcı təsir zəifləsə də, statistik göstəricilər səssiz şəkildə davam edən bir ictimai səhiyyə probleminə işarə edir.
İllik mənzərə hələ də ağırdır
“CDC” nəzdində çalışan alimlər 2022-ci ildən bu yana toplanmış məlumatları təhlil ediblər. Araşdırmanın nəticələrinə görə, COVİD-19 son bir neçə il ərzində hər il orta hesabla bir milyona yaxın xəstəxanaya yerləşdirməyə və təxminən 100 min ölümə səbəb olub. 2023–2024-cü illər dövründə yoluxma və hospitalizasiya saylarında müəyyən azalma müşahidə edilsə də, ölüm göstəricilərinin hələ də yüksək qalması diqqət çəkir. Bu rəqəmlər Covid-19-u müasir dövrdə ən ölümcül yoluxucu xəstəliklərdən biri statusunda saxlayır.
65 yaşdan yuxarı qrup risk altındadır
Xəstəlik artıq bütün yaş qruplarını əvvəlki qədər ağır şəkildə təsir etməsə də, müəyyən qruplar üçün təhlükə aktuallığını qoruyur. Məlumatlar göstərir ki, 2023 və 2024-cü illər arasında qeydə alınan ölümlərin 80 faizindən çoxu 65 yaş və üzərində olan şəxslərin payına düşür. Mütəxəssislər 2023-cü ilin mayında ictimai səhiyyə üzrə fövqəladə vəziyyətin sona çatmasının müəyyən rahatlıq yaratdığını, lakin yaşlı əhali üçün vəziyyətin hələ də kritik olduğunu vurğulayırlar. Xüsusilə qocalar evlərində yaşayan şəxslərin əlavə peyvənd dozalarına və antiviral dərmanlar kimi qoruyucu tədbirlərə çıxışında yaranan problemlər ölüm göstəricilərinin yüksək qalmasında mühüm rol oynayır.
Virus artıq həyatımızın bir hissəsidir
COVİD-19 artıq qlobal fəlakət deyil, endemik, yəni cəmiyyətə yerləşmiş bir xəstəlik kimi həyatımızın tərkib hissəsinə çevrilib. Peyvəndlərin yaratdığı qoruma və cəmiyyətdə formalaşmış immunitet sayəsində 2021-ci ildəki çox yüksək ölüm rəqəmləri geridə qalıb. Lakin bu “normallaşma” virusun tam zərərsizləşdiyi anlamına gəlmir. Mütəxəssislər xüsusilə risk qrupuna daxil olan şəxslərə izdihamlı məkanlardan uzaq durmağı, yaxşı havalandırılan yerlərə üstünlük verməyi və aktual peyvənd təqviminə əməl etməyi tövsiyə edirlər.
Samir


