Uşaqların dırnaq yemə vərdişinə səbəb nədir?

SAĞLAMLIQ
22:14 / 13.01.2026
41

Uşaqlarda bir sıra zərərli vərdişlərə rast gəlmək olur. 

Həmin vərdişlərdən biri də dırnaq yemə vərdişidir. Keçmişdən indiyə qədər hər dövrdə bu vərdişdən əziyyət çəkən uşaqlar olub. Üstəlik, çox zaman bu vərdiş onların gələcək həyatına da yayılır.

Maraqlıdır, uşaqları bu vərdişə vadar edən nədir və onu tərgitmək həqiqətən də çətin prosesdir?

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, dırnaq yemək və əlini ağza salmaq daha çox azyaşlı uşaqlarda müşahidə olunur:

389576
"Əgər bu davranış erkən yaşda psixoloji olaraq işlənməzsə, yeniyetməlik dövründə daha qabarıq şəkildə özünü göstərir. Uşaqlar barmaq əmməyə lap körpəlikdən vərdiş edirlər. Əmzikləri olmayanda barmaqlarını əmzik sanırlar və əmməyə başlayırlar. Daha sonra uşaq barmaq əmməkdən dırnaq yeməyə keçir. Ancaq bu halı uşaqlarda mümkün qədər tərgitdirmək lazımdır".

Ekspert qeyd edib ki, dırnaq yemə vərdişi xüsusilə 3-5 yaşında olan uşaqlar arasında geniş yayılıb:

"Dırnaq yemək isə uşağın həyatında müxtəlif səbəblərlə bağlı ola bilər. Bunlardan birincisi yamsılamaqdır. Uşaq öz əhatəsində kimdəsə bu vəziyyəti görür və təqlid etməyə başlayır. İkinci hal narazılıqla bağlı olur. Məsələn valideynləri arasında hər hansı konfliktlər olduqda, uşağı həddən artıq qorxutduqda, uşağa qarşı ciddi olduqda, uşağı avtoritar rejimdə saxladıqda, ona kifayət qədər sevgi, diqqət göstərmədikdə azyaşlılarda narazılıqlar yaranır. Üçüncü hal isə inkişaf mərhələsidir".

Sevinc

0