Minlərlə insanın beyin görüntüləri araşdırıldı - Yaddaş itkisinin səbəbi açıqlandı

SAĞLAMLIQ
12:35 / 16.01.2026
46

Yeni araşdırma yaşlandıqca yaddaş itkisinin niyə qəfil sürətləndiyini ortaya qoyub. Tədqiqatın nəticələri göstərir ki, yaddaş performansındakı zəifləmə təkcə bir beyin sahəsi ilə məhdudlaşmır.

HİT.az xəbər verir ki, minlərlə insanın beyin görüntüləri və yaddaş testlərini əhatə edən genişmiqyaslı araşdırma yaşla bağlı yaddaş itkisinin mexanizmlərinə yeni işıq salıb. Nəticələrə əsasən, bu proses tək bir beyin bölgəsinin fəaliyyəti ilə izah edilə bilməz.

“Sputnik”in məlumatına görə, müxtəlif qurumlardan olan beynəlxalq tədqiqatçıların apardığı araşdırmada yaşa bağlı yaddaş zəifləməsinin yalnız bir sahədən qaynaqlanmadığı bildirilib. Məlum olub ki, yaddaş performansındakı eniş beynin bir çox bölgəsində baş verən struktur dəyişikliklərlə paralel şəkildə inkişaf edir.

Araşdırmada xüsusilə yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan hipokampusun yaddaş itkisi ilə ən güclü əlaqəyə malik olduğu qeyd edilib. Bununla yanaşı, beynin digər sahələrində də oxşar əlaqələrin mövcud olduğu vurğulanıb.

Tədqiqat çərçivəsində beyin həcminin kiçilməsi ilə yaddaş itkisi arasındakı əlaqənin xətti olmadığı müəyyən edilib. Beyin quruluşundakı itki müəyyən bir səviyyəni keçdikdən sonra yaddaş zəifləməsinin daha sürətlə irəlilədiyi müşahidə olunub. Bu sürətlənmənin yalnız hipokampusla məhdudlaşmadığı, beynin bir çox bölgəsində oxşar nümunənin görüldüyü bildirilib.

Araşdırmanın nəticələri yaddaş itkisini tək bir genlə və ya bir sahədəki zədələnmə ilə izah etməyin mümkün olmadığını göstərir. Beyin yaşlanmasının uzun illər ərzində toplanan və bütün beyni əhatə edən mürəkkəb bir proses olduğu qeyd olunur.

Tədqiqatın aparıcı müəlliflərindən biri olan Alvaro Paskual-Leone bildirib ki, yaddaş itkisi yalnız yaşlanmanın təbii nəticəsi deyil, fərdi meyillərin və zamanla yığılan bioloji proseslərin əksidir.

Araşdırma “Nature Communications” elmi jurnalında dərc olunub.

Samir

0