Dünyanın əksər ölkəsində qadınların təbii doğuşa daha çox üstünlük verdiyi danılmazdır.
Dünyada bir sıra ölkələrdə qeysəriyyə əməliyyatlarında azalma qeydə alınıb. Ancaq Azərbaycanda anaların qeysəriyyə yolu ilə övlad dünyaya gətirməyə marağı artıb. Bunun səbəbi isə müxtəlifdir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a açıqlamasında deyib ki, normal və savadlı həkim bilməlidir təbii doğuşun ana və uşaq üçün qeysəriyyə əməliyyatından daha yaxşı olduğunu bilməlidir:
"Düzdür, müəyyən istisnalar ola bilər. Məsələn, ananın və yaxud körpənin həyati təhlükəsi varsa, o zaman məcbur qalıb qeysəriyyə əməliyyatı aparılır. Savadlı həkim ana və uşaqda hansısa problem yoxdursa, qeysəriyyə əməliyyatı etməz".
Həkim onu da qeyd edib ki, adətən pasiyentlər özləri təbii doğuş istəmirlər:
"Bu da danılmaz bir faktdır. Gənc xanımların böyük əksəriyyəti təbii doğuşdan qorxurlar. Bunun da əsas səbəbi vaginizm xəstəliyidir. Bu xəstəlik psixoloji bir faktordur və ginekoloji problemlə əlaqədardır. Qızlar evliliyə qədər olan yeniyetməlik dönəmində müəyyən qorxu yaşayırlar".
Onun sözlərinə görə, buna səbəb olan əsas amil anaların uşaq vaxtında övladlarına bədənləri haqqında ətraflı və düzgün məlumat verməməsi, məktəblərdə psixoloqların qızlar və oğlanlarla ayrılıqda söhbətlər aparmamasıdır:
"Yeniyetməlik dövründə adi görünsə də, bu durum evlilik zamanı böyük problemlərə, hətta fəsadlara gətirib çıxarır. Vaginizm elə xəstəlikdir ki, xanımlar cinsi əlaqədən belə qorxurlar, o ki qaldı təbii doğuş etsinlər”.
Sevinc


