Nəsil keçidləri ilə birlikdə uşaqlarda artan öskürək, qızdırma və burun axıntısı şikayətləri valideynləri çox vaxt narahatlıqla antibiotik axtarışına sövq edir. Lakin “Medical Point Gaziantep Hospitalı”nın Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Dr. Ayşə Gümüş Demirçubuk xatırladır ki, bu əlamətlərin böyük hissəsi virus mənşəlidir və antibiotiklər belə hallarda tamamilə təsirsizdir. Mütəxəssislər vurğulayırlar ki, şüursuz dərman istifadəsi uşaqların immun balansını pozmaqla yanaşı, qlobal problemə çevrilən antibiotik müqavimətinin yaranmasına da şərait yaradır.
HİT.az xəbər verir ki, bir çox valideyn öskürəyi xəstəliyin özü kimi görərək onu dərhal dayandırmaq istəyir. Dr. Demirçubukun sözlərinə görə isə vəziyyət tam əksinədir. Öskürək tənəffüs yollarını təmizləməyə çalışan təbii müdafiə mexanizmidir. Qrip və ya soyuqdəymə zamanı öskürəyin günlərlə davam etməsi normal sayılır. Bu mərhələdə dərmana yönəlməkdənsə, uşağın bol maye qəbulunu təmin etmək, dincəlməsinə diqqət yetirmək və həkimin tövsiyə etdiyi dəstəkləyici üsullara fokuslanmaq sağalma prosesinə daha çox fayda verir.
Antibiotiklərin yalnız bakterial infeksiyalara qarşı təsirli vasitə olduğunu bildirən Dr. Demirçubuk ailələrin özbaşına dərman başlamasının risklərinə diqqət çəkir. Qulaq iltihabı və ya sətəlcəm kimi ciddi hallarda antibiotik müalicəsinə ehtiyac yarana bilər, lakin buna yalnız həkim müayinəsindən sonra qərar verilməlidir. Əks halda bakteriyalar bu dərmanlara qarşı davamlılıq qazanır və gələcəkdə həqiqətən lazım olduqda mövcud antibiotiklər təsirini itirir. Nəticədə sadə bir infeksiya belə müalicəolunmaz hala gələ bilər.
Hər yuxarı tənəffüs yolu şikayəti antibiotik tələb etməsə də, bəzi kritik əlamətləri nəzərdən qaçırmamaq həyati əhəmiyyət daşıyır. Dr. Demirçubuk aşağıdakı hallarda vaxt itirmədən tibb müəssisəsinə müraciət etməyi tövsiyə edir:
* qızdırmanın üç gündən uzun sürməsi,
* uşağın ümumi vəziyyətində nəzərə çarpan pisləşmə,
* nəfəs alıb-vermədə çətinlik və ya göyərmə,
* qidalanmanın ciddi şəkildə pozulması.
Dəqiq diaqnoz qoyulmadan istifadə edilən hər bir dərman uşağın gələcək sağlamlığından güzəştə getmək deməkdir. Buna görə də “hər öskürəkdə antibiotik” yanaşmasından imtina etmək sağlam nəsil yetişdirməyin əsas şərtlərindən biri hesab olunur.
Samir


