Diabet zamanı ürək problemlərindən xəbər verən orqan müəyyən edilib

SAĞLAMLIQ
14:27 / 22.01.2026
54

Lester Universitetinin alimləri aşkar ediblər ki, tip 2 diabetli insanlarda mütəmadi oftalmoloji skrininq (göz müayinəsi) gizli ürək xəstəliklərini aşkarlaya bilər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Scientific Reports" (SciRep) jurnalında dərc olunub.

Tip 2 diabet bütün bədəndə qan damarlarını, həm iri arteriyaları, həm də kiçik damarları zədələyir. Bu prosesin ən tanınmış ağırlaşmalarından biri diabetik retinopatiyadır, buna görə də xəstələrdə torlu qişənin fotomüayinəsi mütəmadi aparılır. Tədqiqatçılar fərz ediblər ki, torlu qişə damarlarındakı dəyişikliklər ilkin mərhələdə görünməyən ürək-damar pozğunluqlarını əks etdirə bilər.

Hipotezin yoxlanması üçün alimlər 255 tip 2 diabetli xəstəni müayinə ediblər. Xəstələrdə bir sıra invaziv olmayan ürək testləri aparılıb və nəticələr standart torlu qişə skrininqi ilə müqayisə olunub. Analiz göstərib ki, diabetik retinopatiyanın mövcudluğu “sakit” ürək-damar problemləri ilə əlaqəlidir.

Torlu qişə damarları zədələnmiş xəstələrdə, klinik simptomlar olmasa belə, daha çox ishemiya xəstəliyi və ürək çatışmazlığının ilkin əlamətləri aşkarlanıb. Müəlliflər bildirirlər ki, bu, diabet zamanı damar zədələnmələrinin sistemik xarakter daşıdığını göstərir.

Tədqiqatçılar qeyd edirlər ki, işin nəticələri mövcud oftalmoloji skrininq proqramlarının daha geniş istifadəsinə imkan yaradır. Görmə müayinəsi məlumatları ürək-damar riskinin əlavə göstəricisi kimi istifadə oluna və təhlükəli dəyişiklikləri erkən mərhələdə, simptomlar yaranmadan aşkarlamağa kömək edə bilər.

Samir


 

0