“Pis” xolesterinin yüksək səviyyəsi damarlarda lövhəciklərin toplanmasına səbəb ola bilər ki, bu da ürək-damar xəstəlikləri riskini artırır.
Xolesterin səviyyəsinə nəzarətdə qidalanma əsas rol oynayır. Dietoloqların sözlərinə görə, xolesterini azaltmaq qabiliyyəti ilə xüsusilə seçilən bir məhsul var və bu, adi qozdur.
HİT.az xəbər verir ki, bu barədə “Eatingwell” nəşri yazır.
Məqalənin müəllifi, qeydiyyatdan keçmiş dietoloq Loren Manaker bildirir ki, “Ahajournals” jurnalında dərc olunmuş araşdırma iki il ərzində gündəlik 30–60 qram qoz istehlakının ümumi xolesterini və “pis” xolesterin hesab olunan LDL (aşağı sıxlıqlı lipoproteinlər) səviyyəsini 4 faiz azaltdığını göstərib.
Qeydiyyatdan keçmiş dietoloq Vendi Bazilianın sözlərinə görə, LDL xolesterinin yüksək göstəriciləri arteriyalarda lövhəciklərin yığılmasına gətirib çıxara bilər ki, bu da ürək-damar xəstəlikləri və insult riskini artırır.
Materialda vurğulanır ki, “yaxşı” xolesterin hesab olunan HDL (yüksək sıxlıqlı lipoproteinlər) isə qanda artıq xolesterinin orqanizmdən uzaqlaşdırılmasına kömək edir.
“Mən onu tullantıları toplayıb emala və bədəndən xaric olunmağa aparan zibil maşınları ilə müqayisə edirəm”, deyə Bazilian əlavə edib.
Qozun xolesterinə təsirinə gəlincə, Bazilian bildirir ki, hələ 1993-cü ildə Loma Linda Universitetinin alimləri “The New England Journal of Medicine” jurnalında dərc olunan araşdırmada bu məhsulun qidalandırıcı xüsusiyyətlərinə diqqət çəkiblər. O vaxtdan bəri yüzlərlə elmi iş qozun sağlamlıq üçün faydasını təsdiqləyib.
Müəllif vurğulayır ki, qozun sirri bir və ya iki qida komponentində deyil, onun bütöv və unikal tərkibindədir. O, qozun xolesterini azaltmağa kömək etdiyi 5 əsas mexanizmi sadalayıb.
1. Ürək üçün faydalı bitki zülalı mənbəyidir
Bir porsiya qoz (təxminən 14 yarım) təqribən 4 qram zülal ehtiva edir. Bu miqdar çox görünməsə də, “The American Journal of Clinical Nutrition” jurnalında dərc olunmuş tədqiqat göstərir ki, bitki zülalının daha çox qəbulu ürək xəstəlikləri riskinin azalması ilə əlaqəlidir. Səbəblərdən biri bitki zülallarının adətən xolesterini artıran doymuş yağları daha az ehtiva etməsidir. Qoz bir porsiyada təxminən 19 qram yağ saxlayır, lakin bunun cəmi 2 qramı doymuş yağdır.
2. Qoz liflə zəngindir
Qoz adətən liflə əlaqələndirilməsə də, bir porsiyada təxminən 2 qram lif mövcuddur. Lif ümumi xolesterin və LDL səviyyəsinin azalmasına kömək edir.
Diyetoloq Samanta DeVito bildirir ki, lif həzm sistemində xolesterini bağlayır və onun orqanizmdən xaric olunmasına şərait yaradır, beləliklə qana sorulmasını azaldır.
3. Faydalı doymamış yağlar ehtiva edir
Qoz iki növ doymamış yağ turşusu ilə zəngindir. Birincisi linoleik turşudur və orqanizmin LDL xolesterini xaric etməsinə kömək edir. İkincisi isə alfa-linolen turşusudur (ALA) — bitki mənşəli omeqa-3 yağ turşusu olub xolesterin və triqliserid səviyyəsinə müsbət təsir göstərir.
4. Antioksidantlarla zəngindir
Qoz tərkibində antioksidant xüsusiyyətlərə malik polifenollar saxlayır. Bu maddələr iltihabı və oksidləşdirici stresi azaldır. Məqalədə qeyd olunur ki, xroniki iltihab ürək-damar xəstəliklərinin əsas risk amillərindən biridir.
5. Bağırsaq sağlamlığını dəstəkləyir
Qoz bağırsaqlarda faydalı bakteriyaların çoxalmasına şərait yaradır. Sağlam mikrobiom təkcə həzm və immun sistemində deyil, həm də xolesterin mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır. Lif və polifenollar faydalı mikrofloranın inkişafı üçün əlverişli mühit formalaşdırır.
Samir


