Artıq 6 aydır ki, Azərbaycanda qohum evlilikləri (əmi, dayı, xala uşaqları arasında) qadağan edilib. Qadağanın əsas səbəbi həm etik-mənəvi normalar, həm də genetik risklərin yüksək olmasıdır. Bəs eyni baba, nənənin övladları - əmi, xala, dayı, bibi nəvələri arasında evliliklər necə?
Məsələ burasındadır ki, qohum evlilikləri ilə üzülüşə bilməyən insanlarımızda indi də 3-cü dərəcəli qohumlarla izdivaca maraq yaranıb. “Özümünküdür”, “mal-mülk özgəyə getməsin” narahatlığıyla bacıqızı, qardaşqızıdan əldən çıxan valideynlər artıq onların övladlarına üz tutublar. Məhz bu məsələ cəmiyyətdə hələ də müzakirə mövzusudur. (Bakupost.az).
Qanunda göstərilir ki, “baba və nənə eynidirsə” qadağan olunur, əmi uşaqlarının babası eyni olduğu kimi, əmi nəvələrində də eyni vəziyyətdir, sadəcə, “bir köynək aralı” olmaqla genetik təhlükə riski azalırmı?
Həkim-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı Musavat.com-a bildirib ki, qohumluq dərəcəsi uzaqlaşdıqca genetik risk ehtimalı azalır. Onun sözlərinə görə, ortaq əcdad mövcud olduğu müddətdə risk tam aradan qalxmır: “Qohumluq nə qədər uzaqlaşırsa, genetik təhlükə bir o qədər azalır. Amma qohumluq varsa, ortaq əcdad varsa, risk də var. Ortaq əcdaddan nə qədər uzaqlaşırıqsa, risk o qədər aşağı düşür”.
Həkim qeyd edib ki, qohum evlilikləri əksər hallarda gənclərin şəxsi istəyi ilə baş vermir: “Hamımız çox yaxşı bilirik ki, gənc oğlan və qızlar qohum evliliyini özləri könüllü istəmirlər. Bu cür nikahlar ona görə baş tutur ki, bizdə çox vaxt evlənilmir, evləndirilir”.
Onun fikrincə, problemin kökündə gənclərin sərbəst qərar vermək imkanının məhdud olması dayanır:
“Biz gənclərin müstəqil seçim hüququnu təmin etmək, evləndirilməyə qarşı mübarizə aparmaq əvəzinə, sadəcə qohum evliliklərinə qarşı çıxırıq və məsələyə qadağa və məcburiyyətlə yanaşırıq”.
Elmi-tibbi yanaşmaya görə, birinci dərəcəli qohumlar – əmi, dayı, xala və bibi uşaqları arasında bağlanan nikahlarda autosom-resessiv xəstəliklərin üzə çıxma riski adi nikahlarla müqayisədə 2–3 dəfə yüksəkdir. Talassemiya, SMA, bəzi metabolik və zehni inkişaf pozuntuları bu risk qrupuna daxildir. Qohumluq dərəcəsi uzaqlaşdıqca təhlükə azalır, lakin ortaq əcdad mövcud olduğu müddətdə risk tam aradan qalxmır. Məhz buna görə Dünya Səhiyyə Təşkilatı və beynəlxalq tibbi qurumlar qohum nikahları zamanı genetik skrininq, tibbi məsləhət və maarifləndirməni əsas alət kimi tövsiyə edir.
Dünyada qohum evliliklərinə münasibət vahid model üzrə tənzimlənmir və bu məsələ ölkələrin mədəni, hüquqi və xüsusilə elmi-tibbi yanaşmalarından asılı olaraq fərqli şəkildə həll olunur. Son onilliklərdə genetika sahəsində aparılan araşdırmalar göstərib ki, ortaq əcdadı olan nikahlarda irsi xəstəliklərin və anadangəlmə qüsurların yaranma ehtimalı artır. Bu səbəbdən bir çox ölkə qohum evliliklərinə yanaşmada tibbi riskləri əsas meyar kimi götürür.
Bir sıra ölkələr isə elmi nəticələri əsas götürərək qohum evliliklərinə birbaşa hüquqi qadağalar tətbiq edib. Çində əmi, dayı, xala və bibi uşaqları arasında evliliklər qanunla qadağandır və bu məhdudiyyət ictimai sağlamlığın qorunması ilə izah olunur. Cənubi Koreyada uzun illər çox sərt qadağalar mövcud olub, sonradan müəyyən yumşalmalar edilsə də, yaxın qohum nikahlarına ciddi məhdudiyyətlər qalır. Yaponiyada da yaxın qohumlar arasında evliliklər məhdudlaşdırılıb və genetik sağlamlıq dövlət siyasətinin bir hissəsi kimi qəbul edilir. ABŞ-də isə məsələ ştatlardan asılı olaraq dəyişir: bəzi ştatlarda birinci dərəcəli əmioğlu evlilikləri qadağandır, digərlərində isə yaş, tibbi arayış və ya övlad sahibi olmamaq kimi şərtlərlə icazə verilir. Skandinaviya ölkələrində son illər genetik risklər fonunda bu sahədə məhdudiyyətlər sərtləşdirilib və tibbi nəzarət gücləndirilib.
Bununla yanaşı, Avropanın bir çox ölkəsində – Almaniya, Fransa, Böyük Britaniya, İtaliya kimi dövlətlərdə qohum evliliklərinə tam hüquqi qadağa qoyulmayıb. Bu ölkələrdə əsas yanaşma qadağadan çox, insanların məlumatlandırılması və könüllü, şüurlu seçim etməsinə şərait yaratmaqdır. Genetik risklər barədə ictimai maarifləndirmə aparılır, zərurət yarandıqda tibbi-genetik məsləhətlər tövsiyə olunur. Yaxın Şərq və Cənubi Asiya ölkələrində – Pakistan, İran, İraq, Səudiyyə Ərəbistanında qohum evlilikləri hələ də geniş yayılıb və qanunla qadağan edilmir. Lakin bu ölkələrdə irsi xəstəliklərin artması dövlətləri talassemiya və digər genetik xəstəliklərlə bağlı məcburi skrininq və tibbi nəzarət proqramları tətbiq etməyə vadar edib.


